Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun əməkdaşları Gəncə şəhərində və Göygöl, Şəmkir, Gədəbəy rayonlarında ekspedisiyada olublar. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib.
Ekspedisiya müddətində paleocoğrafi tədqiqatlar aparmaq məqsədi ilə həmin ərazilərdə bir sıra kəsilişlər çıxarılıb, palinoloji analizlərin aparılması üçün nümunələr götürülüb.
Çöl tədqiqatları zamanı müəyyən edilib ki, Eopleystosendə Azərbaycanın ərazisində isti və rütubətli iqlim şəraiti hakim olub və Kür çökəkliyində həmişəyaşıl bitkilərdən dəfnə, dəfnə-albalı, Aralıq dənizi tipli palıd, mimoza, evkalipt və bir çox həmişəyaşıl sarmaşıqlar geniş yayılıb.
Erkən Pleystosendə baş vermiş qlobal soyuqlaşma, Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində (2.000 metrdən yuxarıda) buzlaşmaların formalaşması Azərbaycanın bitki örtüyü və heyvanlar aləmində ciddi dəyişikliklərə səbəb olub. Həmişəyaşıl bitkilər sıradan çıxıb və onları iynəyarpaqlı və soyuq iqlim şəraitində bitən tozağacı əvəz edib.
Yuxarıda qeyd etdiyimiz paleocoğrafi şəraitin bərpası çöl tədqiqatlarına əsasən aparılıb. Götürülmüş nümunələrin təhlili daha dəqiq məlumatların əldə edilməsinə imkan verəcək.