İstanbulda Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi və Atatürk Araşdırma Mərkəzinin birlikdə təşkilatçılığı ilə etdiyi “Diplomatiya və xarici siyasət məsələlərinin araşdırılmasında arxivlərin rolu” adlı beynəlxalq elmi simpozium keçirilib.
Lent.az-a verilən məlumata görə, Türkiyə, Azərbaycan, Almaniya, Hollandiya, Rumıniya, Rusiya, İspaniya, Portuqaliya və b. ölkələrdən görkəmli tarixçilərin iştirak etdiyi simpoziumda Azərbaycandan professor, millət vəkili Musa Qasımlı “SSRİ-nin Ankaradakı səfiri Suritsin 1923-cü ildə Mərkəzə göndərdiyi məktublarında Türkiyənin xarici siyasət məsələləri” mövzusunda məruzə edib.
İlk mənbələr əsasında hazırlannış və böyük maraq doğuran məruzədə 1923-cü il Lozan konfransında SSRİ və Türkiyə arasında münasibətlərdə soyuqluq yarandıqdan sonra sovet hökumətini narahat edən - Türkiyənin xarici siyasətinin necə olacağı, Antanta ölkələri ilə yaxınlaşaraq Azərbaycan nefti üçün təhlükə yaradıb-yaratmayacağı və b. məsələlər təhlil edilib.
Məruzədə İrəvandakı Türkiyə səfirliyinə Ermənistan təhlükəsizlik əməkdaşlarının hücumunun sovet-türk münasibətlərini pozmağa yönəldiyinə və bu hadisənin türk ictimai rəyinə necə təsir etməsinə dair sovet səfirinin fikirləri də analiz edilib. M. Qasımlı deyib ki, yaranmış soyuqluğa baxmayaraq, hər iki ölkə qarşılıqlı maraqları əsas götürüblər, nəticədə, 1925-ci il 17 dekabr tarixində Parisdə hücum etməmək və birtərəflik haqqında fakt imzalayıblar.