Mayın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ilə ABŞ-ın Olbani şəhərinin Nyu-York dövlət universitetinin böyük texniki məsləhətçisi, Beynəlxalq İnkişaf Mərkəzinin nümayəndəsi Sladjana Bijelic və Nyu-York dövlət universitetinin əlaqələndiricisi, Beynəlxalq İnkişaf Mərkəzinin nümayəndəsi Susan Crovdy arasında görüş keçirilib. Bu barədə Lent.az-a Şuranın mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azay Quliev Şuranın fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib, bu yaxınlarda Şura ilə USAİD arasında anlaşma memorandumunun imzalandığını xatırladıb. O həmçinin, İctimai İştirakçılıq haqqında qanunun hazırlandığını və bununla da vətəndaş cəmiyyəti institutlarının qərar qəbuletmə prosesində birbaşa iştirakının təmin oluna biləcəyini bildirib. Şura sədri Azərbaycanda Parlament TV-nin, Parlamentdə böyük elektron kitabxananın yaradılmasının çox müsbət hal olacağını diqqətə çatdırıb.
Daha sonra qonaqlar qeyd ediblər ki, USAİD-in Azərbaycan parlamenti ilə bağlı həyata keçirdiyi proqramı 2011-ci ildə başa çatıb və indi onlar yeni bir proqram üzərində işləyirlər. Qonaqlar təmsil etdiyi qurumun hazırda dünyada 40-dan çox ölkənin parlamentləri ilə işlədiyini bildiriblər və bu parlamentlərin inkişafı üçün köməklik göstərdiklərini qeyd ediblər.