Azad Rəhimov Qarabağ veteranları ilə görüşdü
Bu gün gənclər və idman naziri Azad Rəhimov Gənclər və İdman Nazirliyinin dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə 2018-ci il 15-22 may tarixlərində Türkiyədə səfərdə olmuş qazilərdən, aprel döyüşlərində iştirak etmiş ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyətini qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Azad Rəhimov nazirliyin həyata keçirdiyi layihələrdə vətənpərvərlik mövzusunun xüsusi əhəmiyyət daşıdığını bildirərək ölkə prezidenti tərəfindən imzalanan və müxtəlif illəri əhatə edən “Azərbaycan gəncliyi Dövlət Proqramı”nda da məhz bu sahəyə geniş yer verildiyini deyib.
Vətənpərvərlik sahəsində həyata keçirilən tədbirlərdən danışarkən nazir “Şahinlər”, “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq”, “Hünər”, “Tarixin canlı səhifələri” layihələr i haqqında söz açaraq, onların hər birinin gənc nəslin sağlam və vətəninə sevgi hissi ilə yetişməsindəki oynadığı önəmli roldan bəhs edib.
Nazirliyin xətti ilə qazilərdən, ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyətinin Türkiyəyə baş tutan səfərinin əhəmiyyətindən danışan Azad Rəhimov, orada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı, Türkiyə Böyük Millət Məclisi, Türkiyə Müdafiə Nazirliyi və digər önəmli məkanlarda keçirilən görüşlərin əhəmiyyətindən danışıb.
Azad Rəhimov yetişməkdə olan gənc nəsildə vətənpərvərlik hissinin daha da artırılması, onların tariximizi daha dərindən bilmələri üçün orta və ali təhsil müəssələrində şagird və tələbələrin aprel döyüşlərində iştirak etmiş, ehtiyatda olan zabitlərlə görüşlərinin keçirilməsi təklifini irəli sürüb.
264