Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 10-cu Sülh və İdman Forumunda iştirak etmək üçün Monakoda səfərdədir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, forumun əsas məqsədi texnologiyanın inkişafının idmançıların daha yaxşı nəticələr əldə etmələrinə, onların fiziki sağlamlığının qorunmasına və ümumilikdə gənclərin idmana həvəsinin artırılmasına müsbət təsirinin genişləndirilməsidir.
Dekabrın 6-dan 8-dək davam edən forumun sonuncu günündə gənclər və idman sahələrinə məsul nazirlərin toplantısı keçirilib. Braziliya, Portuqaliya, Tunis, Yəmən, Qətər, İraq, Seneqal, Sierra-Leone, Qabon və digər ölkələrin Baş nazirlərinin, gənclər və idman sahələrinə məsul nazirlərinin qatıldıqları toplantıda Azad Rəhimov son illər Azərbaycanda idman sahəsində görülən işlər, əldə olunan nailiyyətlər, ölkəmizin idman infrastrukturunun inkişafı barədə məlumat verib.
Bildirilib ki, 2015-ci ildə ölkəmizdə keçirilən ilk Avropa Oyunları paytaxtda və regionlarda idman infrastrukturunun inkişafında və yenilənməsində xüsusi rol oynayıb: “Bu gün Azərbaycanda beynəlxalq standartlara cavab verən, ən mötəbər idman tədbirlərinin keçirilməsi üçün hər cür şəraitə malik idman qurğuları var. Bakı Su İdmanı Sarayı, 68 min tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Şahdağ Xizək Kompleksi və digər idman qurğuları bunun bariz nümunələridir”.
İdmançıların sağlamlıqlarının qorunması istiqamətində görülən işlərdən danışarkən nazir ölkəmizdə bu istiqamətdə uğurla çalışan Milli Diaqnostika və Reabilitasiya İnstitutunun fəaliyyəti, atletlərin vaxtında müayinədən keçib, lazımi müalicələri almaları üçün görülən işlər haqqında məlumat verib. Azad Rəhimov, eyni zamanda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Milli Antidoping Agentliyinin faəliyyəti bərədə də tədbir iştirakçılarını məlumatlandırıb.
Səfəri çərçivəsində nazir Azad Rəhimov Monako Şahzadəsi II Albert ilə görüşüb. Nazir dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin salamını Monako Şahzadəsinə çatdırıb. II Albert dövlətimizin başçısının salamına görə təşəkkürünü bildirib, onun da salamını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Bununla yanaşı, nazir Fransa Milli Olimpiya Komitəsinin baş katibi, Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr departamentinin direktoru və digər şəxslərlə də görüşüb.