“Şamaxıda ayının hücumuna məruz qalan və dünən Kliniki Tibbi Mərkəzə yerləşdirilən Sahib Allahverdiyevin vəziyyəti stabildir”. Bunu Lent.az-a açıqlamasında Bakı 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) baş həkimi Tərlan Bəbirov bildirib. Onun sözlərinə görə, xəstə hazırda özünü yaxşı hiss edir: “Müayinələri bitsin, yaraları sağalan kimi xəstə evə buraxılacaq”.
Qeyd edək ki, ötən gün axşam saatlarında Şamaxı rayonunda ayı iki nəfəri parçalayıb. Hadisə rayonun Qaladərəsi və Çeşmədil kəndərində baş verib. Yaxınlıqdakı meşədən çıxan ayı Qaladərəsi kəndində toy məclisi keçirilən həyətə hücum çəkib. Burda adamlar müdafiə olunmağa çalışsalar da, ayını tuta bilməyiblər. Ayı kənd sakini, 1995-ci il təvəllüdlü Nuriyeva Fəridə Rəşid qızına hücum edib. Qaladərəsi kəndindən qonşu Çeşmədil kəndinə hücum çəkən ayı bu kənddə 1964-cü il təvəllüdlü Allahverdiyev Sahib Yengivar oğlunu parçalayıb. Hər iki şəxs Bakıya gətirilib.