Avqustun 6-dan ali məktəblərə ixtisas seçimi başlayır
12 iyul 2013 11:21 (UTC +04:00)

Avqustun 6-dan ali məktəblərə ixtisas seçimi başlayır

 

Ali məktəblərə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq. Lent.az-ın məlumatına görə, bunu TQDK sədrinin müavini namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, müsabiqəyə I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılacaqlar.


Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarını seçmək üçün abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayacaq.
Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün qoyulan tələblər qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra müəyyən ediləcək.
 

İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin eyni ixtisas qrupuna aid olan 15-ə qədər ixtisas kodunu qeyd edə biləcək.
 

Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları yalnız qabiliyyət imtahanı üzrə yekun nəticəsi və test imtahanında topladığı ümumi balı TQDK tərəfindən müəyyən edilmiş tələblərə (bu tələblərə dair cədvəl “Abituriyent” jurnalının 3-cü sayında təqdim olunub) uyğun olan abituriyentlər seçə bilərlər. Test imtahanına daxil olan fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti qoyulmur. Abituriyentə müvafiq müsabiqə şərtini yerinə yetirdiyi halda, xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, həmin qrup daxilində digər ixtisasları da seçmək imkanı verilir.


Abituriyent ixtisas seçərkən müvafiq ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla təhsil almaq istəyən abituriyent o ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü sərbəst şəkildə müəyyənləşdirir.
 

TQDK tərəfindən dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün qoyulan tələbləri ödəyə bilməyən abituriyentlər yalnız ödənişli əsaslarla olan ixtisasları seçə bilərlər. Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.
 

Ali təhsil müəssisəsinə dövlət sifarişi əsasında qəbul olan abituriyent müəyyən olunmuş vaxtda qəbul olduğu təhsil müəssisəsinə tələb olunan sənədləri təqdim edib qeydiyyatdan keçməlidir. Bu zaman ali təhsil müəssisəsi ilə dövlət sifarişi əsasında təhsil alacaq şəxs (təhsilalan) arasında müqavilə bağlanır.

 

Qeyd edək ki, TQDK tərəfindən “Abituriyent” jurnalının 3-cü sayı nəşr olunaraq abituriyentlərin istifadəsinə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1362

Oxşar yazılar