Azərbaycanda yaxın vaxtlarda dalğıc barokamerası fəaliyyətə başlayacaq
ARDNŞ peşəkar dalğıclar hazırlamağa başlayacaq.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, dənizdə neft-qaz sənayesinin həyata keçirilməsi zamanı dalğıc işi xüsusi əhəmiyyət daşıyır. Sualtı boru kəmərlərinin çəkilməsi, müayinəsi, müxtəlif zədələnmələrin aşkar edilməsi, təmiri, gəmilərin və hidrotexniki qurğuların sualtı hissəsinin şəhadətləndirilməsi kimi mühüm işlərdə dalğıcların rolu əvəzsizdir.
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində cari ilin aprel ayının 1-dən etibarən “I-II iş qrupu üzrə 4-cü dərəcəli” istehsalat dalğıcları kursunun fəaliyyətə başlaması planlaşdırılır. Hazırda hazırlıq işləri gedir. Kursda dalğıcların hazırlığına nəzarət və təlimin təşkil edilməsi Mərkəzin dalğıc mütəxəssislərinə həvalə edilib. Dalğıc peşəsinə yiyələnmək istəyən 193 nəfər elektron ərizə ilə ARDNŞ-ə müraciət edib, bir neçə seçim mərhələsindən sonra 23 namizəd sonuncu test imtahanı mərhələsinə keçmək hüququ qazanıb. Həmin namizədlərlə yekun test imtahanı fevralın 28-də Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində keçirilib. Namizədlərin seçimində ARDNŞ-in İnsan Resursları Departamenti, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi, eləcə də Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinin nümayəndələri iştirak ediblər. Seçim zamanı namizədlərin fiziki göstəriciləri, üzgüçülük qabiliyyətləri, barofunksiya və digər bacarıqları yoxlanılıb. Respublikamızda ilk dəfə olaraq Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasınını və Rus Dəniz Gəmiçiliyinin nümayəndəliyi ilə razılaşdırılaraq Təlim Mərkəzində “Suda üzən gəmi və hidrotexniki qurğuların sualtı hissəsinin şəhadətləndirilməsini təmin edən dalğıc-mütəxəssis” hazırlıq kursunun təşkil olunması üçün proqram hazırlanıb və təsdiqlənib. Kursu keçmiş dalğıc mütəxəssislərinə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası tərəfindən İMCA-nın tələbələrinə uyğun Beynəlxalq Şəhadətnamə veriləcək. Gələcəkdə bu kursların beynəlxalq standartlara və İMCA-nın (İnternational Marine Contractors Association) tələblərinə tam uyğun olması üçün “Böyük dalğıc” mütəxəssislərinin xaricdəki dalğıc məktəblərində müvafiq dalğıc-mütəxəssis kurslarına göndərilməsi nəzərdə tutulur.
Dalğıc hazırlığı kursları üçün maddi texniki bazanın yaradılması və inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür. Artıq “1 saylı Sağ qalma” blokunda dalğıc stansiyası quraşdırılıb. Eyni zamanda, Təlim Mərkəzində böyük “Üstü bağlı hovuz kompleksi”nin tikintisi davam etdirilir. Dalğıc barokamerası yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Bununla əlaqədar olaraq “Dalğıc enmələrinin tibbi təminatına cavabdeh şəxslərin hazırlanması” və “Dalğıc barokamerası operatoru” kursunun açılması nəzərdə tutulur. Mərkəzdə dalğıclar üçün əlavə olaraq 2 dalğıc ixtisasartırma kursu və 2 dalğıc mütəxəssis hazırlıq kursları üzrə dalğıcların qəbul edilməsi planlaşdırılır.