AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin strukturunda dəyişiklik edilib. AMEA-dan Lent.az-a verilən məlumata görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib. Bildirilib ki, Azərbaycan elmində əldə olunmuş nəticələrin yüksək reytinqli beynəlxalq elmi jurnallarda nəşr etdirilməsi Azərbaycan elminin təbliği, tanıdılması və dünya elmi məkanına inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin alimlər öz elmi əsərlərinin xarici dillərə tərcümə edilməsi ilə bağlı müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, əksər hallarda qrammatik və məzmun baxımından düzgün tərcümə olunmamış elmi məqalə elmi nəticənin mahiyyətini düzgün və tam ifadə edə bilmir. Bütün bunlar AMEA-da tərcümə işi üzrə ixtisaslaşmış xüsusi qurumun yaradılması zərurətini meydana çıxarıb.
Həmçinin AMEA Rəyasət Heyətinin qərarına əsasən, AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları TOEFL və ya IELTS proqramları üzrə aparıldığı üçün tədrisin də həmin proqramlara uyğun aparılması zəruridir. Qeyd olunub ki, Təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərən Xarici dillər kafedrası isə adı çəkilən proqramlar üzrə tədrisi həyata keçirmək üçün müvafiq kadr potensialına malik olmadığından onun ləğv edilməsi məqsədəuyğundur.
Beləliklə də, Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Təhsil şöbəsinin tabeliyində olan Xarici dillər kafedrasının ləğv edilməsi barədə qərar qəbul edilib. Xarici dillər kafedrasının bazasında isə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin strukturunda “Elmi tərcümə şöbəsi” yaradılması qərara alınıb. İclasda, həmçinin “Elmi tərcümə şöbəsi”nin strukturuna daxil olacaq ştat vahidləri də müəyyənləşdirilib.