Almaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Herbert Kvellen Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyətilə tanış olub. Bu barədə Lent.az-a qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qonağı salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib.
Səfir H. Kvellen iki dövlət arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək yeni yaradılmış və mühüm məsələlərlə məşğul olacaq Dövlət Agentliyin bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiyini bildirib. Almaniyalı diplomat həmçinin “ASAN xidmət” mərkəzində yaradılmış şəraiti və əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirərək gələcək fəaliyyətdə uğurlar arzulayıb.