Əmək qabiliyyəti olmayan valideynin saxlanması üçün müəyyən edilmiş vəsaiti ödəməkdən yayınan övladlar da ciddi cəzalandırılacaqlar
Azərbaycanda aliment verməkdən boyun qaçıranlar və əmək qabiliyyəti olan, işləyən övladlar tərəfindən əmək qabiliyyəti olmayan valideynlərin saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli şəkildə yayınanlarla bağlı cəzaların sərtləşdirilməsi gözlənilir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “İcra haqqında” qanuna və Cinayət Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarıla bilər.
Layihəyə əsasən, əmək qabiliyyəti olan və işləyən valideynlər tərəfindən yetkinlik yaşına çatmayan uşağın (uşaqların), habelə yetkinlik yaşına çatmış, lakin əmək qabiliyyəti olmayan övladların saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli olaraq boyun qaçıranlar 250 manatda 500 manata qədər cərimə, yaxud 220 saatdan 300 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulur.
Eyni zamanda əmək qabiliyyəti olan və işləyən övlad (övladlar) tərəfindən əmək qabiliyyəti olmayan valideynlərin saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli olaraq boyun qaçıranlar isə 700 manatadək miqdarda cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Layihənin bu il parlamentin müvafiq komitələrində müzakirəyə çıxarılması gözlənilir.
Qeyd edək ki, hazırda Cinayət Məcəlləsinin 176-cı maddəsinə əsasən uşaqlara və valideynlərə kömək göstərməkdən qərəzli boyun qaçırma 100 manatdan 500 manatadək miqdarda cərimə, və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda qüvvədə olan eyni maddəyə əsasən əmək qabiliyyəti olan və işləyən övlad (övladlar) tərəfindən əmək qabiliyyəti olmayan valideynlərin saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli olaraq boyun qaçırma 500 manatadək miqdarda cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.