“Çağ Öyrətim İşlətmələri” şirkətinin prezidenti Ənvər Özərən Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıç və “Çağ Öyrətim İşlətmələri” şirkətinin bir qrup yüksək vəzifəli əməkdaşları Bakı Ali Neft Məktəbinin qonağı olublar. Bu barədə Lent.az-a ali məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qonaqları salamlayan rektor E. Qasımov bildirib ki, bir ölkənin inkişafı onun savadlı kadr potensialından asılıdır. Dinamik sürətlə inkişaf edən ölkəmiz üçün müasir biliklərə yiyələnmiş yüksək ixtisaslı kadrların yetişdirilməsi olduqca vacib məsələlərdən biridir. Daha sonra E. Qasımov “Çağ Öyrətim İşlətmələri” şirkətinin Azərbaycanda təhsil sahəsində 20 il ərzində həyata keçirdiyi uğurlu təhsil layihələrindən söhbət açıb.
“Çağ Öyrətim İşlətmələri” şirkətinin prezidenti Ənvər Özərən kollektivi təbrik edərək bildirib ki, Azərbaycanda müasir standartlara cavab verən belə universitetlərin qurulması olduqca vacibdir.
Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıç çıxış edərək bildirib ki, Qafqaz Universiteti Bakı Ali Neft Məktəbi ilə bir çox sahələrdə əməkdaşlıq etməyə hazırdır.