Ali məktəblərə SƏNƏD QƏBULU başlayır
14 mart 2019 18:07 (UTC +04:00)

Ali məktəblərə SƏNƏD QƏBULU başlayır

Ali məktəblərə sənəd qəbuluna start verilir. 

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır:

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respub­lika­sında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respub­likası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən qəbul imtahanında (imtahanın ikinci mərhələsi üzrə keçirilən imtahanlarda ikinci dəfə iştirak istisna olmaqla) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olun­duq­dan sonra onların şəxsi kabinetindəki hesabından çıxılır.

Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçirilir və imtahanının ikinci mərhələsi iki dəfə (yaz və yay sessiyaları) keçirilir. Abituriyentlər hər iki imtahanda (hər sessiyada bir dəfə olmaqla) iştirak edə bilərlər. İkinci mərhələ üzrə hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə də verə bilər. Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsinin birinci imtahanında iştirak etmək istədi­yi­ni qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək istədikləri halda 2019-cu il mayın 30-dan iyunun 12-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize in­ter­net səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetinin hesabına əlavə etməli, imtahan verəcəkləri ixtisas qrupunu seçməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istə­diklərini qeyd etməyən abituriyentlər isə qeydiy­yatdan keçmədən ikinci imtahanda iştirak edirlər.

Abituriyentlər eyni zamanda ali təhsil müəs­sisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisaslar, V ixtisas qrupuna daxil olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlu­matların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

Qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə I-IV ixtisas qrupları üzrə ixtisas seçiminə buraxılmır.

Qəbul imtahanının birinci mərhələsi 2019-cu ilin aprel ayında keçirilir. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər bu mərhələ üzrə imtahan vermirlər və müsabiqədə buraxılış imtahanında (zonalar üzrə 7, 14, 21 aprel) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi aprelin 28-də keçiriləcəkdir.

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsi iki dəfə keçirilir. İlk qəbul imtahanı (yaz sessiyası) I-IV ixtisas qrupları üzrə mayın 12-də, II-III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. İkinci imtahan (yay sessiyası) isə I-IV ixtisas qrupları üzrə iyunun 23-də, II-III ixtisas qruplari üzrə isə iyulun 7-də keçiriləcək.Abi­turiyent­lər hər iki imtahanda iştirak edə bilərlər. Hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupları üzrə də, eyni ixtisas qrupu üzrə də verə bilər.

V ixtisas qrupu üzrə müsabiqə qəbul imtaha­nı­nın birinci mərhələsinin və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılır. Azərbaycan Respubli­kasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul im­ta­hanı vermirlər və müsabiqədə cari ilin buraxılış imta­hanındakı nəticələri əsasında iştirak edirlər. Tam orta təhsil səviyyəsini əvvəlki illərdə və ya Azərbaycan Respublikasının hüdudları kənarında başa vuran abituriyentlər üçün imtahan aprelin 28-də keçiriləcək.

Tələbə qəbulu haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiz.

DİM tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə də tələbə qəbulu elan edib.

Orta ixtisas təhsili müəssisələrinə də ərizələrin qəbulu 2019-cu il martın 15-dan aprelin 15-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır:

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

Müsabiqədə iştirak ödənişlidir. "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət etmiş Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

Abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili (tədris dilinə uyğun olaraq), riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə bu üç fəndən buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

Tədris dili Azərbaycan və rus dillərindən fərqli olan ümumi təhsil müəssisələrinin məzunları orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda ərizədə qeyd etdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən əlavə olaraq imtahan verirlər. Bu halda abituriyentlər imtahan üçün əlavə ödəniş edirlər. Ödəniş etmək üçün abituriyentlər şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

Tələbə qəbulu haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiz.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1233
avatar

Aygün İbrahimli

Oxşar yazılar