Azərbaycan Dövlət İqtisad Universitetində orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün “Kredit sistemi ilə tədrisin təşkili qaydaları”na dair təlim proqramının təqdimatı keçirilib. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib. Təhsil Nazirliyinin xətti ilə təşkil olunan “Orta ixtisas təhsil müəssisələri üçün tyutor hazırlığı” proqramının davamı kimi təşkil olunan təlim ölkədə fəaliyyət göstərən 45 orta ixtisas müəssisəsi üçün nəzərdə tutulub. Dinləyicilər 10-23 iyul tarixləri ərzində respublikamızda təhsilin inkişafı üzrə dövlət strategiyası, tədris prosesinə nəzarətin təşkili, tələbələrin biliyinin qiymətləndirilməsi, sərbəst işlərin təşkili, kredit sistemində müəyyən olunmuş formalar, imtahana hazırlıq və Apellyasiya Komissiyasının fəaliyyətinin təşkili, tələbə və müəllimlərin mobilliyi, təcrübə və yay semestrlərinin təşkili haqqında ətraflı məlumat və biliklər əldə edəcəklər.
Təlimlərin açılışında ADİU-nun rektoru, professor Ədalət Muradov, Təhsil nazirinin müşaviri İlham Pirməmmədov və Orta ixtisas təhsili sektorunun rəhbəri Kərim Mikayılov iştirak edib. Rektor çıxışı zamanı kredit sisteminin üstünlüklərindən, o cümlədən təhsil alan ilə təhsil verən arasındakı münasibətlərinin təkmilləşdirilməsindən söz açıb. O, bu istiqamətdə universitetdə həyata keçirilən tədbirlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Təhsil nazirinin müşaviri İlham Pirməmmədov çıxışı zamanı ADİU-da “Orta ixtisas təhsil müəssisələri üçün tyutor hazırlığı” layihəsi çərçivəsində 48 tyutorun yüksək peşəkarlıqla hazırlandığını bildirib. Daha sonra kredit sisteminin tədris işçiləri tərəfindən hələ də tam mənimsənilmədiyini diqqətə çatdırıb. Tyutorlar ilə orta ixtisas təhsili müəssisələri rəhbərləri arasında birgə fəaliyyətin təşkili üçün “Kredit sistemi ilə tədrisin təşkili qaydaları”na dair təlim proqramının xüsusi önəm daşıdığını vurğulayıb. Tələbələrin sərbəst işlərinin hazırlanması barədə proqramın Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə hazırlanması tövsiyə edilib.
Kursun strukturu və məzmunu “Orta ixtisas tədris müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən tərtib edilib.
Kursun sonunda imtahanları müvəffəqiyyətlə verən iştirakçılara sertifikat təqdim olunacaq.