Attestat balı “5” olan 50 namizəd peşə məktəblərini seçib
25 avqust 2017 16:13 (UTC +04:00)

Attestat balı “5” olan 50 namizəd peşə məktəblərini seçib

 

 “ASAN Peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminə avqustun 28-dən start veriləcək.

 

Lent.az-ın “Azərbaycan müəllimi” qəzetinə istinadən məlumatına görə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili bildirib ki, boş qalan yerlər barədə məlumatlar da məhz “ASAN xidmət” mərkəzlərinə təqdim olunacaq: “Sentyabrın 7-dək davam edəcək həmin mərhələdə də hər kəs iştirak edə bilər. Növbəti mərhələ birincinin davamı deyil. Həmin mərhələdə ixtisas seçiminə sadəcə ilk mərhələyə qatılıb, ancaq yer tuta bilməyənlər deyil, həm də peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən istənilən şəxs qatıla biləcək”.

 

 

A.Əlili vətəndaşları bu mərhələdə xüsusilə diqqətli olmağa çağırıb: “Birinci mərhələ ilə bağlı ilk təhlillərimiz göstərir ki, prosesdən kənarda qalanların və boş yerlərin qalması, əslində, vətəndaşların düzgün seçim etməməsi ilə bağlıdır. Ya bir yer yazıblar, ya da daha çox maraq göstərilən ixtisaslar seçiblər. Ona görə də veb dizayner, kompüter ustası və operatoru, aşpaz, bərbər, elektrik və qaz qaynaqçısı, elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru mütəxəssisi kimi ixtisaslar üzrə büdcə plan yerlərini seçənlər üstünlük və bu yerlər üzrə vakansiya azlıq təşkil edir. Vətəndaşların düzgün seçim etməməsinin nəticəsidir ki, kənarda qalan namizədlərin, boş qalan yerlərin sayı kifayət qədər olub. Bunu nəzərə alaraq, avqustun 28-dən start verəcəyimiz növbəti mərhələdə iştirak etmək niyyətində olanlardan diqqətli olmalarını xahiş edirik. Bu dəfə vakansiyaların sayı azdır. Deməli, rəqabət daha güclü olacaq. Odur ki, orta bala ən uyğun 10 ixtisas seçsinlər ki, növbəti dəfə kənarda qalmasınlar”.

 

A.Əlili onu da qeyd edib ki, ötən illə müqayisədə peşə-ixtisas təhsili müəssisələrinə maraq artdığı kimi, iştirakçılar arasında bilik səviyyəsi yuxarı olanlar da çoxalıb: “Ötən il qəbul olunanlardan 25 faizdən çoxunun əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi “4”-dən yuxarı olub. Bu il isə nəinki “4”, orta attestat balı “5” olan 50-yə yaxın namizəd qeydə alınıb. Onların bal göstəriciləri bunu deməyə əsas verir ki, gənclərin peşə təhsilinə marağı ildən-ilə yüksəlir. Bu il güclü rəqabət mühitini formalaşdıran başlıca amillərdən biri də məhz ixtisas seçiminə yüksək ballıların qatılmasıdır”.

 

Xatırladaq ki, “ASAN Peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə 1-22 avqust tarixlərində keçirilən birinci - ixtisas seçimi mərhələsində iştirak edən 10277 nəfərdən 8651 nəfəri ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Hazırda peşə-ixtisas təhsili müəssisələrinə qeydiyyat prosesi gedir. Qeydiyyat 28 avqusta qədər davam edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208
avatar

Fərizə Əhmədova

Oxşar yazılar