“Bu, onu göstərir ki, müasir Ermənistan dövlətinin ideologiyası da faşizm üzərində qurulub. Hesab edirəm ki, tarixi paralellər əsasında çox böyük əsərlər yaradılmalıdır. Şadam ki, son illərdə, o cümlədən mənim təşəbbüsümlə alimlərimiz İrəvan xanlığı, bizim tarixi torpaqlarımız haqqında kifayət qədər dolğun və məzmunlu əsərlər yaradıblar. Biz bu tarixi gənc nəsillərə də çatdırırıq. Məsələn, İrəvanın Ermənistanın paytaxtı elan olunmasının tarixi hesab edirəm ki, bir çoxlarına bəlli deyildi. Biz bu məsələni qaldıranda, tarixi faktlar əsasında bu məsələyə diqqət yetirəndə, artıq bunu həm Azərbaycanda hər kəs bilir, dünyada da bilirlər ki, İrəvanın Ermənistan dövlətinin paytaxtı elan edilməsi Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən verilmiş qərar əsasında olub. Ona görə, hesab edirəm ki, tarixi həqiqətləri əks etdirən böyük elmi əsərlər yaradılmalıdır. Onların bir hissəsi artıq yaradılıb. Ancaq hesab edirəm ki, bu məsələyə daha da ciddi diqqət verməliyik”, - deyə dövlət başçısı vurğulayıb.
Quba Soyqırımı Memorial Kompleksindən danışan İlham Əliyev bildirib ki, Azərbaycanda ilk dəfə olaraq belə memorial kompleks yaradılır. Dövlət başçısı qeyd edib ki, burada nümayiş etdirilən eksponatlar bizim tariximizi göstərir: “Eyni zamanda, memorial kompleksdə yaradılmış ekspozisiya çox böyük məna daşıyır. Kompleksin girişində Quba qəzasının dinc vaxtları öz əksini tapır. Ailələr, vətəndaşlar dinc həyat sürürlər. Ondan sonra qanlı günlər, dinc əhaliyə qarşı törədilən vəhşilik əks olunur. Ekspozisiyanın sonunda hesab edirəm ki, çox düzgün tərtibat nəticəsində insanlar buradan nikbin əhval-ruhiyyə ilə ayrılır. Çünki Bakının erməni quldur dəstələrindən azad edilməsi elə bil ki, ekspozisiyanın son nöqtəsidir. Burada həlak olmuş insanlar müxtəlif dinlərin, müxtəlif millətlərin nümayəndələridir. Onların ermənilər üçün bir günahı var idi ki, onlar erməni millətindən deyildilər. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən xüsusi tədqiqat komissiyası yaradılıb. Komissiya işə başlayıb, ancaq 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra bu komissiya təbii ki, öz işini dayandırıb və komissiyanın fəaliyyəti natamam olub. Eyni zamanda, o vaxt əlbəttə ki, bu faciə, bu qırğın haqqında dünyaya məlumat çatdırmaq üçün bizim imkanlarımız çox məhdud idi. Memorial kompleksin ekspozisiyasında ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncam da öz əksini tapır - Azərbaycanlıların soyqırımı Sərəncamı. Orada göstərilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə komissiya yaradılıb və komissiyanın görə bilmədiyi işləri artıq müstəqil Azərbaycan dövləti tamamlayır. İlk dəfə olaraq 1998-ci ildə bu soyqırımına hüquqi və siyasi qiymət verilib”.
Prezident İlham Əliyev qeyd edib ki, Sovet dövründə tarix təhrif edildiyi üçün bu həqiqətlər gizlədilib: “Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, - onların da mənfur adları orada göstərilir, - Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıb. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalıb. Erməni faşizminə o vaxt düzgün qiymət verilmədiyi üçün sonra tarixin müxtəlif dövrlərində erməni faşizmi öz yırtıcı sifətini nümayiş etdirib”.
Dövlət başçısı vurğulayıb ki, ermənilərin bizim tarixi torpaqlarımıza köçürülməsi məsələləri Azərbaycan elmində kifayət qədər işıqlandırılmayıb: “Biz hamımız yaxşı bilirik ki, Azərbaycanın ayrılmaz torpağı olan Dağlıq Qarabağa ermənilər XIX əsrin birinci yarısında Şərqi Anadoludan və İrandan köçürülüb. Onlar orada məskən salıb və ondan sonra dinc Azərbaycan əhalisinə qarşı öz təxribatlarını başlayıb. Yəni, bu tarixi paralel, ondan sonra Bakı soyqırımı, Quba soyqırımı İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməli və gözəl əsərlər yaradılmalıdır.
Dediyim kimi, erməni faşizmi özünü bir daha 1980-ci illərin sonlarında – 1990-cı illərin əvvəllərində göstərib. Biz o tarixi də yaxşı xatırlayırıq. Çünki ulu öndər Heydər Əliyevin sovet hakimiyyətinin rəhbərliyindən uzaqlaşdırılmasından iki həftə sonra erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırıblar. O vaxtkı sovet rəhbərliyi, ilk növbədə o vaxtkı rəhbər Qorbaçov və onun ətrafında olan erməni millətçiləri Azərbaycan xalqına qarşı böyük cinayətlər törətiblər. Qanlı Yanvar hadisələri bilavasitə Qorbaçovun əməlləridir. Ondan əvvəl və ondan sonra xalqımıza qarşı törədilən cinayətlər artıq tarixdə kifayət qədər öyrənilib. O vaxt Heydər Əliyev amili ermənilərin əl-qolunu bağlamışdı. Sovet dövründə - 1969-cu ilə qədər ermənilər dəfələrlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə əlaqədar sovet hökumətinə müraciətlər ediblər. Hətta rəsmi səviyyədə müraciətlər ediblər. Ancaq Heydər Əliyevin qətiyyəti və çox ciddi etirazı buna imkan verməyib. Ondan sonra Heydər Əliyevin sovet hakimiyyətində fəaliyyəti dövrü başlayıb. O vaxt da əlbəttə ki, ermənilərin təxribat etmək üçün heç bir imkanları olmayıb. 1987-ci ilin noyabrında Heydər Əliyev vəzifədən gedəndən iki həftə sonra bu məsələ qaldırıldı və demək olar ki, o vaxtdan azərbaycanlılara qarşı növbəti soyqırımı prosesi başladı. Təxribatlar törədildi, sovet və dünya mətbuatında bu məsələ ilə bağlı yanlış və təhrif edilmiş rəy yaradıldı. Nəticədə 1992-ci ildə Xocalı soyqırımı törədildi”.
Prezident İlham Əliyev qeyd edib ki, Xocalı soyqırımını törədənlər bu gün Ermənistan rəhbərliyində təmsil olunan adamlardır. “Bu faciə dünyanın gözü qabağında baş verib. Yəni, biz bunu “erməni soyqırımı” mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri – bütün bunlar həqiqətdir və reallıqdır. Ancaq nədənsə bəziləri bunu görmək istəmir, bəziləri bu günə qədər də erməniləri qurban kimi təqdim etmək istəyirlər. Əlbəttə ki, bunun səbəbi vardır. Dünyada fəaliyyət göstərən erməni lobbisi və onun nəzarəti altında olan bəzi riyakar və rüşvətxor siyasətçilər tarixi tamamilə təhrif edərək bütün günahı Azərbaycanın üzərinə qoymağa çalışırlar. Bu ədalətsizlik bu günə qədər də davam edir. Xocalı soyqırımı zamanı 613 günahsız insan ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Əgər burada uyuyan soydaşlarımız soyuq silahlarla və küt alətlərlə öldürülüblərsə, Xocalıda artıq soydaşlarımız avtomatlarla, qumbaralarla öldürülüb. Yüzlərlə insan itkin düşüb. Xocalıda ermənilər tərəfindən 63 uşaq, 106 qadın öldürülüb. Bu, misli görünməmiş vəhşilikdir”, - deyə o vurğulayıb.
Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan dövləti və Azərbaycanda fəaliyyət göstərən ictimai qurumlar, ilk növbədə Heydər Əliyev Fondu Xocalı soyqırımının dünyada soyqırımı kimi tanıdılmasında çox böyük işlər görür: “Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasında da Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. “Xocalıya ədalət!” kampaniyasının başlanması və uğurla davam etdirilməsində də Heydər Əliyev Fondu, bizim diaspor təşkilatlarımız və əlbəttə ki, Azərbaycan dövləti bir nöqtəyə vurur və artıq tədricən istədiyimizə nail oluruq. Artıq bir neçə ölkə rəsmi qaydada Xocalı soyqırımını soyqırımı kimi tanıyıb və bu proses davam etdirilir”.