Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sentyabrda “İlboyu bilik” şüarı ilə “Qardaşlaşmiş məktəblər” layihəsi başlayacaq. Fondun İnformasiya Təminatı sektorundan Lent.az-a verilən məlumata görə, layihə ilk mərhələdə 15 sentyabr - “Bilik günü”nə qədər Azərbaycanın 20 rayonundakı orta ümumtəhsil məktəblərini əhatə edəcək.
Əsas məqsədi respublikanın orta ümumtəhsil məktəblərində təhsil alan yeniyetmə və gənclərin biliyə marağının artırılması, Azərbaycan tarixinin və mədəniyyətinin, eləcə də vətənpərvərlik ruhunun təbliğidir. Vəzifələri isə müxtəlif bölgələrdən olan məktəblilər arasında “bilik körpüsü”nün yaradılması, onların bir-birinə yaxınlaşdırılması, şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi və dünyagörüşlərinin genişləndirilməsi, istedadlı gənclərin aşkarlanması, həmçinin fəallarla yanaşı, passiv şagirdlərin də layihəyə cəlb olunmasıdır.
Layihənin rəhbəri Bilik Fondunun baş məsləhətçisi, professor Rəfail Həsənovun sözlərinə görə, layihədən gələcəkdə respublikanın bütün bölgələrində təhsil alan orta ümumtəhsil məktəb şagirdlərinin faydalanması nəzərdə tutulur. Respublikanın 10 rayonunda yerləşən 10 məktəbə ölkənin 10 digər bölgəsindəki 10 məktəbdən şagirdlər dəvət olunacaq, onlar bir-biri ilə tanış olacaq, birgə tədbirlər keçirəcəklər. Bütün məktəblərdə eyni saatda məktəb və rayon rəsmilərinin iştirakı ilə gələcək əməkdaşlığın əsasını qoyacaq “Qardaşlaşma haqqında Saziş” imzalanacaq. Sənədə əsasən, qardaşlaşmış məktəblərin birgə konfranslar, dəyirmi masalar, sərgilər, konsertlər, muzey və tarixi yerlərə ekskursiyalar, hər iki rayon rəsmiləri, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər keçirməsi nəzərdə tutulur.
R. Həsənov onu da qeyd edib ki, layihə təkcə məktəbliləri əhatə etmir, eyni zamanda, tələbələrin də könüllü qismində iştirakı nəzərdə tutulub.
“Qardaşlaşmış məktəblər” layihəsi sentyabrın 15-də “Bilik günü” münasibəti ilə respublikanın bütün rayonlarında keçiriləcək “İlk dərs”lə davam edəcək. Bilik Fondunun layihəsinə əsasən, Azərbaycanın istedadlı alim və pedaqoqları yeni tədris ilinin ilk günü məktəblilər qarşısında dövlətçiliyimiz, azərbaycançılıq və vətənpərvərlik mövzusunda məruzə edəcəklər.
Tədris ilinin ikinci yarısında layihənin davamı olaraq qarşı tərəfin ev sahibliyi edəcəyi nəzərdə tutulur. Növbəti tədris ilində Bilik Fondu “Qardaşlaşmış məktəblər” layihəsini digər regionlarda da davam etdirəcək.