[b]Tələbələrə yalnız bu hallarda akademik məzuniyyət veriləcək[/b]
Akademik məzuniyyətdən qayıdan tələbənin öz ixtisası üzrə ali məktəbdə kadr hazırlığı aparılmırsa, Təhsil Nazirliyinin razılığı əsasında digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər
Azərbaycanda tələbələrə hansı hallarda akademik məzuniyyət veriləcəyi açıqlanıb.
APA-nın məlumatına görə, bu, Təhsil Nazirliyinin Kollegiyasının təsdiqlədiyi və dekabrın 12-dən qüvvəyə minmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ında əksini tapıb.
Qaydaya əsasən tələbəyə akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir:
- müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə;
- ailə vəziyyətinə görə - 2 il müddətinədək;
- səhhətinə görə - həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə;
- sosial məzuniyyətə çıxdıqda - qanunvericiliklə müəyyən olunmuş müddətə;
- müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə - proqramda göstərilən müddətə.
Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda, Təhsil Nazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər. O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istədikdə, digər ali təhsil müəssisəsinə köçürülə bilər. Hər iki halda məsələyə müvafiq ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyində baxılır.
443