[b]Orqan transplantasiyasına nə mane olur?[/b]
“Hər il 120 mindən çox orqan transplantasiya olunur. Amma planetdə yaşayan insanların orqan transplantasiyasına tələbat bundan dəfələrlə çoxdur”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Səhiyyə komitəsinin təşkilatçılığı ilə parlamentdə keçirilən orqan transplantasiyasına həsr olunmuş ictimai dinləmələr zamanı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.
Ə.Əmiraslanov deyib ki, orqan transplantasiyası sahəsində dünyanın müxtəlif regionları arasında da ciddi fərqlər var. Onun sözlərinə görə, Avropada hər il 1 milyon nəfərə təxminən 40, MDB məkanında isə 1 milyon nəfərə 4-9 transplantasiya düşür: “Azərbaycanda bu sahədə dəqiq statistika əldə etməkdə çətinlik çəkdim. Azərbaycanda orqan transplantasiyasının yetərli səviyyədə aparılmamasının səbəbi donorların, yetərli sayda orqanların olmamasıdır. Digər tərəfdən, “Orqan və toxuma transplantasiyası haqqında” mövcud qanun bugünkü tələblərlə ayaqlaşmır. Belə qərara gəlmişik ki, orqan transplantasiyası haqqında mükəmməl bir qanun hazırlayaq. Parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin rəhbərliyi altında İşçi Qrupu yaradılıb, layihə hazırlanıb. Bu dinləmələrdə irəli sürülən təkliflər nəzərə alınaraq, layihəyə dəyişikliklər də edilə bilər. Çünki sonrakı mərhələdə bizim vəzifəmiz qanun layihəsini Səhiyyə komitəsində müzakirə edib, parlamentin plenar iclasına təqdim etməkdir”.
Komitə sədri qanunun adının “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” olmasını təklif etdiyini, müzakirələrin də ilk növbədə qanunun adının müəyyənləşdirilməsi istiqamətində olmasını təklif edib.
599