[b]Əməyin Mühafizəsi Fondu yaradılır[/b]
02 mart 2019 17:04 (UTC +04:00)

[b]Əməyin Mühafizəsi Fondu yaradılır[/b]

“BMT-nin ixtisaslaşmış qurumlarından olan Beynəlxalq Əmək Təşkilatı (BƏT) bu il 100 illik yubileyini qeyd edir. Bununla əlaqədar, Təşkilat 187 üzv ölkəsi üçün “Hər ölkəyə bir Konvensiya” təşəbbüsü ilə çıxış edib. Azərbaycan da BƏT-lə geniş əməkdaşlıq gündəliyinə malik ölkə kimi bu təşəbbüs çərçivəsində BƏT-in 155 saylı Konvensiyasının ratifikasiya edilməsi ilə bağlı milli üçtərəfli məsləhətləşmələrə başlayıb”.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ONA-ya verilən məlumata görə, bunu nazir müavini Mətin Kərimli qeyd olunan Konvensiyanın ratifikasiya olunması imkanlarının müzakirəsi ilə bağlı sosial tərəfdaşların - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələrinin iştirakı keçirilən görüşdə bildirib.
 
Son illərdə Azərbaycanın BƏT-in Rəhbər Orqanına üzv seçildiyini xatrıladan nazir müavini qeyd edib ki, indiyədək ölkəmiz BƏT-in 57 Konvensiyasına qoşulub: “Həmin sənədlərdən irəli gələn öhdəliklər də nəzərə alınmaqla,  beynəlxalq standartlara uyğun milli əmək qanunvericiliyi formalaşıb və daim təkmilləşir”.
 
M. Kərimli vurğulayıb ki, sosial tərəfdaşlarla birgə aparılan müzakirələr nəticəsində ratifikasiya üçün BƏT-in 155 saylı Konvensiyası (“Əməyin təhlükəsizliyi, sağlamlığı və istehsalat mühiti haqqında”)  müəyyən olunub: “Bu da işçilərin həyat və sağlamlığının qorunmasının ölkəmizdə aparılan sosial siyasətin prioritetlərindən olduğunu bir daha təsdiq edir. Həmin Konvensiyanın müəyyən edilməsi həmçinin əməyin təhlükəsizliyi və sağlamlığının vacibliyinin cəmiyyətə çatdırılması zərurətindən irəli gəlir. Yaxın vaxtlarda Azərbaycanda yaradılacaq Əməyin Mühafizəsi Fondu da əməyin mühafizəsi tədbirlərinə sistemli şəkildə maddi-texniki dəstək verilməsi məqsədinə xidmət edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1046
avatar

Oxşar yazılar