[b]Bu nazirliklərə yeni vəzifələr həvalə edildi[/b]
Vergilər və Maliyyə nazirliklərinə yeni vəzifələr həvalə edilib.
ONA-nın məlumatına görə, Prezident İlham Əliyevin 1 mart 2019-cu il tarixli fərmanı ilə Vergilər və Maliyyə nazirliklərinin Əsasnamələrinə müvafiq dəyişikliklər edilib.
Hər iki nazirlik “Mühasibat uçotu haqqında” qanun ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirəcəcək. Eyni zamanda Vergilər Nazirliyi “Mühasibat uçotu haqqında” qanun ilə müəyyən edilmiş qaydada kommersiya təşkilatlarının siyahısını Maliyyə Nazirliyinə təqdim etməlidir.
Maliyyə Nazirliyinin vəzifələri sırasına peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını təmin etmək, peşəkar mühasib təşkilatının akkreditasiya olunmasını həyata keçirmək daxil edilib. Nazirlik həmçinin kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinə dair təkliflərini hər üç ildən bir aprel ayının 30-dək Nazirlər Kabinetinə təqdim etməlidir.
Maliyyə Nazirliyinin indiyə qədər vəzifələrindən biri təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün qanunvericiliyin tələblərinə müvafiq olaraq mühasibat uçotunu tənzimləyən Milli Mühasibat Uçotu Standartlarını, onların tətbiqi üzrə Şərhlər və Tövsiyələri, habelə Qaydaları işləyib hazırlamaq olub. Bundan sonra isə nazirlik Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Azərbaycan dilinə tərcüməsini təşkil etməli, bu tərcümələrin həmin standartların Azərbaycan dilində rəsmi mətnləri kimi dərc olunmasını təmin etməli və uçot qaydalarını təsdiqləməlidir. Maliyyə Nazirliyi indiyə qədər Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və Milli Mühasibat Uçotu Standartlarının tətbiqi ilə bağlı təsərrüfat subyektlərinə metodiki köməklik göstərməli və qanunvericiliklə nəzərdə tutulmuş digər zəruri tədbirləri həyata keçirməli idisə, bundan sonra nazirliyin vəzifəsi Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və uçot qaydalarının tətbiqi ilə bağlı təlim kursları, seminarlar, konfranslar təşkil etmək və digər zəruri tədbirləri həyata keçirmək olacaq.
941