<b>Bakıda “Fəlakətin azaldılması üzrə Asiya Konfransı-2017” keçirilir</b>
02 oktyabr 2017 11:13 (UTC +04:00)

Bakıda “Fəlakətin azaldılması üzrə Asiya Konfransı-2017” keçirilir

Bu gün Bakıda Fövqəladə Hallar Nazirliyi, Asiya Fəlakətlərin Azaldılması Mərkəzi və Yaponiya Nazirlər Kabinetinin təşkilatçılığı ilə "Fəlakətin azaldılması üzrə Asiya Konfransı-2017" başlayıb.

 

APA-nın məlumatına görə, konfrans 2 gün davam edəcək. Konfransın açılışında çıxış edən Asiya Fəlakətlərin Azaldılması Mərkəzinin (AFAM) sədri, professor Masanori Hamada tədbirin təşkili və qonaqpərvərliyə görə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə təşəkkür edib. Yaxın illərdə Asiyada baş verən təbii fəlakətlərdən söz açan M. Hamada deyib ki, AFAM-ın qarşıdakı 20 il üçün tədbirlər planının müəyyənləşdirilməsinə ehtiyac var: "Əlimizdən gələni etməliyik ki, Asiya regionunda insanların daha təhlükəsiz və rifah halında yaşamasına nail olmaq".

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov konfransın təşkili ilə bağlı AFAM və Yaponiya Nazirlər Kabinetinə təşəkkür edib,  konfransın işinə uğurlar arzulayıb: "Bəşəriyyətin mövcudluğu eyni zamanda fəlakətlərin mövcudluğu deməkdir. Zəlzələ, sunami, daşqın kimi bir sıra təbii fəlakətlərin insan fəaliyyətindən qaynaqlandığını bilirik. Çoxlu sayda sənaye nailiyyəti ətraf mühit üçün təhlükə halına gəlib. Eyni zamanda iqlim dəyişikliyi vaxt ötdükcə daha təhlükəli xarakter alır. Ölkəmiz üçün vulkan, meşə yanğınları, zəlzələ, torpaq sürüşmələri xarakteri hallardır. Ölkəmizdə texnogen fəlakətləri artıran amillər də var. Fəlakət risklərinin effektiv idarə olunması vacibdir. Bunun üçün beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Hər hansı bir dövlət təkbaşına fövqəladə halların qarşısını almaq gücünə malik deyil. Bütün ölkələrin öz güclərini birləşdirməsi və təcrübə mübadiləsi vacibdir. Bu baxımdan FHN beynəlxalq əməkdaşlığın inkişafında maraqlıdır. Dünyanın 180 ölkəsi ilə birlikdə Azərbaycan da AFAM-ın 2015-2035-ci il proqramına qoşulub. Fəlakət risklərini effektiv idarə etmək üçün fəaliyyətlərimizi əlaqələndirməliyik. Bütün bunları nəzərə alaraq, təbii və texnogen fəlakətlərə qarşı effektiv mübarizə aparmaq mümkündürsə, Azərbaycan FHN bütün təşəbbüslərə qoşulmağa hazırdır".

 

Yaponiya baş nazirinin müavini Mamoru Maekava bildirib ki, ölkəsində 1963-cü ildən fəlakət risklərin idarə edilməsi üçün müvafiq qurumlar səylərini birləşdirib, regionların, bələdiyyələrin fövqəladə halların, risklərin idarə edilməsi üçün planlara malikdir: "Hər ilin iyun ayında fəlakətlərə dayanıqlığın artırılması üçün infrastrukturun inkişafı və çevik planların hazırlanması üçün Yaponiyada toplantı keçiririk. Yaponiya bu sahədə digər ölkələrin təcrübəsindən də yararlanmağa çalışır. İnanırıq ki, fəlakət risklərini azalda bilərik. Yeri gəlmişkən, Yaponiyada çoxsaylı zəlzələ baş verir. Elm və texnologiyanın inkişafı ilə əlaqədar biz bir neçə gün əvvəl baş verəcək zəlzələnin yerini və zamanını müəyyənləşdirə bilirik. Nəticədə fəlakət risklərini daha effektiv idarə etmək mümkün olur. Biz məlumatları seysmoloji stansiyalar vasitəsi ilə daha da təkmilləşdirə bilərik. Bu stansiyaların məlumatları bir mərkəzə daxil olur və biz bu məlumatları təhlil edərək daha dəqiq proqnoz müəyyənləşdirə bilirik. Gələni il AFAM-ın yaranmasının 20 ili tamam olur. Biz AFAM-ın fəaliyyətinin daha uğurlu olacağına inanırıq ".

 

Asiya-Sakit okean üzrə regional Mərkəzin (UNİSDR) proqram rəhbəri Timoti Vilkoks birgə fəaliyyətin, əməkdaşlığın önəmli olduğunu vurğulayıb: "Təbii fəlakətlər zamanı sərhədlər aradan qalxır, ölkələr bir-birinə yardım edir. Biz bu sahədə AFAM çərçivəsində də uğurlar əldə etmişik. Nəzərə çatdırım ki, 2018-ci ildə Ermənistanda Regional Su Platforması, İtaliyada isə Fəlakət Risklərin Azaldılması üzrə Forum keçiriləcək. Bu tədbirlər də əhəmiyyətlidir".

 

Bununla da konfransın açılış mərasimi başa çatıb. Konfrans sessiyalarla işini davam etdirəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459
avatar

APA Baycan

Oxşar yazılar