Son zamanlar Azərbaycanda ən geniş yayılmış sosial problemlərdən biri alimentin ödənilməməsi ilə bağlıdır. Çünki aliment ödəyicilərinin bir çoxu müxtəlif səbəbləri əsas gətirərək aliment ödəməkdən boyun qaçırırlar.
Bununla əlaqədar Lent.az-a müraciət edən Səmayə Veysəlova deyir ki, boşandıqdan sonra övladı üçün aliment pulu ala bilməyib: “İki ildir ki, boşanmışam. Məhkəmə qərarı ilə uşağa hər ay 154 manat verməlidir. Amma bu iki il ərzində heç bir manat da pul verməyib. Özü də bilir ki, mən heç yerdə işləmirəm. Anamla birgə kirayə evdə qalıram və onun pensiyası ilə güc-bəla dolanırıq. Uşaq tez-tez xəstələnir, həkimə apara, dərman ala bilmirəm. Elə gün olur ki, evdə bir tikə çörək də olmur”.
S. Veysəlovanın sözlərinə əsasən, iki ildir yığılıb qalan aliment borcunu almaq üçün yoldaşını axtarışa verdirsə də, indiyə qədər heç bir nəticə yoxdur: “Çox çarəsizəm, bilmirəm nə edim, kimə müraciət edim?”.
Danılmaz həqiqətdir ki, bu cür çarəsiz ana və uşaqların sayı elə də az deyil. Bu isə alimentin ödənilməsi ilə bağlı alternativ yolların vacibliyini gündəmə gətirir ki, bunlardan biri də aliment fondudur.
Bir neçə ildir ki, Azərbaycanda aliment fondunun yaradılması ilə bağlı məsələlər gündəmə gəlsə də, hələlik reallaşmayıb. Bu günlərdə Ombudsman Elmira Süleymanova da aliment fondunun yaradılmasının vacibliyini bir daha irəli sürdü. Bəs görəsən adıçəkilən fondun yaradılması nə üçün bu qədər yubadılır?
Alimentlərin 5 faizinin ödənməsində çətinliklər var
Statistikaya əsasən, cari ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2383 boşanma halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,1, boşanmaların sayı isə 1,5 olub.
Lent.az-ın Ədliyyə Nazirliyi İcra baş idarəsinə aliment borcluları ilə bağlı verdiyi sorğusuna cavab olaraq bildirilib ki, icra qurumlarının icraatında alimentin tutulması tələbinə dair çoxsaylı icra işləri var: “Həmin işlərin 95%-dən çoxunun icrası müntəzəm olaraq təmin edilir. 3-5% işlər üzrə alimentin ödənilməsində müəyyən səbəblərdən çətinliklər var (borclunun vəfat etməsi, ölkə hüdudlarından kənarda olması, axtarışda olması, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, cəza çəkmə müəssisəsində olması, ağır xəstəliyinin olması və s.). Bu hallarda səbəbindən asılı olaraq tələbkarlara hüquqları izah olunur. Eyni zamanda, müvafiq qurum tərəfindən tələbkarlara alimentin ödənilməməsi barədə arayış verilir ki, sosial yardım almaları üçün aidiyyəti orqana müraciət edə bilsinlər. Ailə Məcəlləsinə əsasən, ailə üzvlərinin aliment öhdəlikləri ola bilər. İcraatlarda alimentin tutulması tələbinə dair anaların da borclu olduğu işlər var”.
Üç ilədək azadlıqdan məhrum etmə
Qurumdan bildirilir ki, alimentin tutulması tələbinə dair məhkəmə qərarını üzrsüz səbəbdən icra etməyən şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə onun barəsində inzibati həbs tətbiq olunur. Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə isə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma nəzərdə tutulub.
Borclunun əmlakı üzərinə həbs qoymaq
“Alimentin tutulması tələbinə dair icra işini icra etməkdən boyun qaçıran, gizlənən və ya yeri məlum olmayan şəxslər barəsində icra qanunvericiliyinə əsasən tədbirlər görülür (borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və s.). Bundan əlavə borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir. Həmin qərar icra olunması üçün daxili işlər orqanlarına göndərilir. Bununla bağlı Ədliyyə Nazirliyi ilə Daxili İşlər Nazirliyinin birgə əmri var”.
Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məsələ ilə bağlı Lent.az-a bildirib ki, hazırda aliment fondunun yaranması üçün iş gedir: "Bununla bağlı müəyyən problemlər var. Çünki dövlət büdcəsindən aliment ödənildikdən sonra onun qaytarılması məsələsi var. Bu pulun necə qaytarılacağı, hansı inzibati, ictimai tədbirlər nəzərdə tutulacağı müəyyənləşməyib. Çünki bu zaman borclu düşünəcək ki, dövlət ödəyir də, nə vecimədir? Ona görə də məsuliyyətə cəlb etmə mexanizmi işlənməlidir”.
Məsələnin hüquqi yollarla necə tənzimlənməsinə aydınlıq gətirən hüquqşünas Səbuhi Axundov bildirir ki, alimentin ödənilməməsi ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər: “Bu qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir”.
Baba və nənədən aliment almaq olar
“Ailə Məcəlləsinin 89-cu maddəsinə görə yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir”.
İllər ərzində yığılıb qalan aliment borcunu almağın da hüquqi yolla mümkün olduğunu qeyd edən S. Axundov söyləyir ki, belə bir iş onun icraatında olub: “5 min manata qədər məbləğ var idi, ödənilməmişdi. Əslində burada icra məmurunun hərəkətlərində boşluqlar yaranmışdı. Müəyyən orqanlara şikayətdən sonra məni də dəvət etdilər, borclunu da çağırdılar. Vəsatətim əsasında məbləği hissə-hissə ödəməyə razılaşdılar. Amma tələbkar razılaşmadığı halda məbləğ tam ödənilməlidir. Həmçinin uşaq xəstədirsə, atadan əlavə aliment də alına bilər”.
Normativ hüquqi bazanın yaranmasına ehtiyac var
Lent.az-ın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə aliment fondunun yaranmasında hansı hüquqi problemlərin olması və xarici təcrübələrin necə həyata keçirilməsi ilə bağlı sorğusuna isə cavab olaraq bildirilib ki, BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir: “İstər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. “Uşaq hüquqları haqqında” Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. Qanunvericiliyə əsasən, alimentin tutulması və ödənilməsində valideynlərin hüquq və vəzifələri göstərilir. Lakin bu vəzifələrin yerinə yetirilməməsinə görə sanksiyaların sərtləşdirilməsinə baxmayaraq əldə olunan nəticə yeni mexanizmin hazırlanması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir”.
Xarici təcrübəyə əsasən...
“Təcrübə göstərir ki, Avropanın iqtisadi cəhətdən inkişaf etmiş bir sıra ölkələrində borclu tərəfindən aliment ödənilmədiyi təqdirdə uşağın saxlanılması yükünü dövlət öz üzərinə götürür. Məsələn, Norveçdə Milli Sığorta Agentliyi, Niderlandda Alimentlər üzrə Federal Büro, Polşada Aliment Fondu, Fransada Dövlət Aliment Fondu kimi dövlət təşkilatları fəaliyyət göstərir. Borclu alimenti ödəməkdən yayındığı təqdirdə dövlət müvafiq ödənişləri onun əvəzinə edir. Bu, borclunu aliment üzrə öhdəlikdən azad etmir. Çünki tələbkar şəxs digəri ilə əvəz olunur və ödəniş aparıldıqdan sonra dövlət orqanı aliment məbləğini borcludan məcburi qaydada tutur və bununla da dövlət öz üzərinə müvafiq vəsaitləri tələb etmək funksiyasını götürür. Rusiya Federasiyasında uşaqların hüquqlarının qorunması, o cümlədən aliment öhdəliklərinin effektiv icrasının təmin etmək məqsədi ilə zəruri hüquqi baza yaradılmaqla yanaşı, mövcud qanunvericiliyə irimiqyaslı dəyişikliklər edilib. Belə ki, Rusiya prezidentinin fərmanı ilə “2012-2017-ci illər üzrə uşaqların maraqları naminə fəaliyyətin milli strategiyası təsdiq edilib. Qeyd olunan Milli Strategiyada uşaqların saxlanılması üçün kifayət edən alimentlərin mütəmadi ödənilməsi üzrə tədbirlərin işlənib hazırlanması, o cümlədən dövlət aliment fondunun yaradılması vasitəsi ilə aliment öhdəliklərinin icrası nəzərdə tutulub. Həmçinin Rusiya federasiyası Prezidenti yanında Milli strategiyanın icrası üzrə Koordinasiya şurası yaradılıb. Latviya Respublikasında alimentlərin ödənilməsi işini tənzimləyən qanunvericilikdə köklü islahatlar həyata keçirilib, o cümlədən aliment fondu təsis edilərək bu sahədə səmərəli icra mexanizmləri tətbiq olunmağa başlanılıb. Latviya Respublikasının Uşaqlar və Ailə İşləri üzrə Nazirliyin təşəbbüsü ilə “Saxlanılma xərclərinin təminatları fondu haqqında” Qanun qəbul edilib, həmin nazirliyin bilavasitə tabeliyində olan Uşaqların saxlanılması xərclərinin təminatları Fondu yaradılaraq fəaliyyət başlanılıb. Fondun məqsədi məhkəmə qərarları əsasında alimenti ödəməyə borclu olan valideyndən yardım almayan və bu səbəbə görə digər valideyni tərəfindən saxlanılan uşaqlara minimal saxlanılma xərclərinin ödənilməsi ilə onların sosial təminat almaq hüququnun təmin olunmasıdır.
Görünən isə odur ki, uşaqlar qanunda olan boşluqlar və boşanmış valideynlər arasında olan inadlaşmanın qurbanına çevrilir. Atasının, yaxud da elə anasının verəcəyi cüzi məbləğə möhtac olan xeyli sayda uşaq var. Kimisi xəstədir dərman gözləyir, kimisi bir tikə çörəyə möhtac, kimisi də lap elə valideyn sevgisinə ehtiyac içində böyüməyə çalışır...
Məsələnin kökü isə sevgisizlik üzərində, tələm-tələsik qurulmuş ailələrdir. Övlad, Tanrının insana bəxş etdiyi ən gözəl varlıqdır və heç bir dünya malı bunu əvəz edə bilməz. Övladından ayrılmağı, onu aylarla, illərlə belə görməməyi göz önünə alan, ona sevgisini əsirgəyən insanın, bütün bu gerçəkliklərin fonunda 154 manatı ödəməməsi isə elə də təəccüblü deyil...