Bayramlar sevgi və yardımlaşmanın ən üst səviyyəyə çıxdığı özəl günlərdir. Bayramlar paylaşmağı, bağışlamağı, şükür etməyi, birliyi xatırladır. Milli və dini birliyi təmin etdiyinə, tarixi birliyi, dayanıqlığı göstərdiyinə görə hər bir cəmiyyət bayramlara böyük önəm verir. İslam dini də müsəlmanlara iki böyük bayram ərməğan etmişdir: Ramazan və Qurban bayramları....
İslam dini hər bir cəmiyyət üçün birləşdirici, paklaşdırıcı bir çox müqəddəs əməlləri vacib buyurmuşdur. İslam dininin bu üstün özəlliyi zəkat, həcc, qurban kimi sosial çərçivəli maddi ibadətlərdə özünü daha aydın göstərir. Müsəlman aləminin böyük sevinc içərisində qeyd etdiyi mübarək bayramlardan biri də Qurban bayramıdır. Qurban başda müsəlmanlar olmaqla bütün bəşər övladına Allahın böyük lütfü və rəhmətidir.
Qurban dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik bayramıdır. Qurban Allah üçün maddi fədakarlıq etmək, bu vəsilə ilə də Allaha yaxınlaşmaq və rizasını almaq qayəsini ehtiva edən bir bayramdır. Qurban hərfi mənada yaxınlaşmaq deməkdir. Qurban bayramının mühüm əhəmiyyətlərindən biri də insanın öz nəfsi üzərində qələbə çalmasıdır. Çünki nəfsi istəklər içərisində övlad, can sevgisi əsas yeri tutur. Lakin Həzrət İbrahim və Hacər sevimli tək övladları İsmaildən, İsmail isə öz canından Allah yolunda keçməyə hazır olur. Bu fədakarlıq isə yalnız çox güclü iman sayəsində mümkündür. Allaha sadiqliyin mükafatı olaraq Hz. İsmayılın yerinə Allah bir heyvan qurban etməyi buyurur. Kəsilən qurbanın axan qanı ilə birlikdə sahibinin günahlarının da bağışlanacağı Peyğəmbərimiz tərəfindən müjdələnmişdir.
Qurban İslamdakı sosial köməkləşmə və dayanıqlığın bir nümunəsidir. İslam dininin ən ülvi və xeyir məqsədlərini özündə birləşdirən bayramlarından biridir. Yaxın insanları, ehtiyacı olan kəsləri unutmamaq, sosial bağları möhkəmləndirmək bu bayramən əsas qayəsidir. Qurban məcburi deyil, könüllü olaraq kəsilməlidir. İslam aləmində imkanı olan hər bir müsəlmanın qurban kəsməsi vacibdir. Amma kasıb adamların qurban kəsməsi vacib buyrulmayıb.
Qurban mənəvi dəyərlərin və üstünlüklərin rəmzi və işarələridir. Müsəlmanın qurban kəsməsi içindəki pis duyğuların və onu alçaldan nəfsin öldürülməsi, hər cür alçaq və bayağı istəklərinin uzaqlaşdırılması deməkdir. Allah uğrunda fədakarlıq etməyin ən gözəl nümunəsini qurbanıyla göstərmişdir. İnsanlığın ilk qayəsi, xeyirlə şərin mübarizəsi, Allah yolunda fədakarlığın ilk təzahürü də məhz Hz. Adəmin oğlanları Habillə Qabilin timsalında qurbanlıqdan başlamışdır. Qurban insanın Allaha təslimiyyətinin bir əlamətidir. Bu təslimiyyətin ilk nümunəsi Habilin qurbanı olmuşdur. Hətta rəvayətə görə İsmayılın yerinə qurban etmək üçün göydən endirilən qoç da Habilin qurbanı olmuşdur.
Qarşıdan gələn bu bayramın bütün İslam aləminə xeyirlərə və maddi-mənəvi inkişafa vəsilə olmasını diləyirik. Daha neçə bayramlara çatmaq diləyilə bayramımız mübarək!
Nailə Məmmədova
“Azerbaijan Realities”