Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında televiziyaların və son maliyyə müsabiqəsində ikinci mərhələyə keçmiş yerli QHT-lərin iştirakı ilə layihələrin effektli icrası haqqında müzakirələr aparılıb.
Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Şura sədri Azay Quliyev daim vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı iş aparıldığını söyləyib.
Azay Quliyev bu günkü tədbirin məqsədinin də bəyənilmiş layihə ideyalarının icrasının effektli təşkili, onun miqyasının genişləndirilməsi, qanunlar haqqında ictimai məlumatlandırmanın daha böyük auditoriyanı əhatə etməsi üçün televiziya verilişlərinin hazırlanmasını birgə müzakirə etmək olduğunu söyləyib. Şura sədri xüsusi ilə yeni qanunların təbliği və sosial çarxların yayımlanması baxımından televiziyaların mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Televiziyalarla QHT-lərin əməkdaşlığının hər iki tərəf üçün səmərəli olduğunu vurğulayan Azay Quliyev bunun ortaq modelini tapmağa çalışdıqlarını qeyd edib. O, Şuranın QHT-lərlə televiziyalar arasında körpü rolu oynadığını və işçi qaydada onlarla danışıqların davam
etdiriləcəyini bildirib.
QHT təmsilçiləri millət vəkili Çingiz Qənizadə, Osman Gündüz, Səadət Bənənyarlı, Taryel Həsənov, Lyudmila Xəlilova, Məhərrəm Zülfüqarlı, Samir Əliyev, Pərviz Həşimov, Bəxtimşah Tağıyeva və digərləri çıxış edərək Şuranın təşkil etdiyi müzakirənin mühüm əhəmiyyət daşıdığını və televiziyanın imkanından istifadənin layihələrinin səmərəliliyini artıracağını vurğulayıblar. İctimai Televiziyanın departament rəhbəri Anar Yusifoğlu və Xəzər televiziyasının xəbərlər xidmətinin rəhbəri İbrahim Ünlübostan da çıxışlarında vətəndaş cəmiyyətinin təşəbbüslərini hər zaman dəstəkləməyə və əməkdaşlığa hazır olduqlarını bildiriblər.