“Yaxşı çaxır var, bico!” - MARAQLI İNSANLAR
29 avqust 2013 14:59 (UTC +04:00)

“Yaxşı çaxır var, bico!” - MARAQLI İNSANLAR

2003-cü ilin stresslərini  çayxanada yaşadığımız vaxtlar Sahil bağında mənə köntöy bir kişi yaxınlaşıb:
 

-Bico, yaxşı çaxır var, çaça var! - dedi.

 

Başımı qaldırıb bu kobud, həm də sifətində uşaq nadincliyi gizlənmiş gürcüyəbənzər  kişini gördüm.

Çiynində iri əsgər heybəsi olan gürcü köppbuş əlini mənə uzadaraq:
 

- Adım Zurabdı! - deyib, mənimlə tanış oldu.

 

Çaxırsatan gürcü Zurabla mənim tanışlığımın tarixçəsi həmin gün qoyuldu.
Zurab Gürcüstandan Azərbaycana araq və çaxır gətirib,  satır. Onun xeyirxahlığı ondadır ki, kimyəvi qarışığı olan spirtli içkilərdən Azərbaycan insanını qismən də olsa xilas edir.

Zurab dost kimi çox etibarlıdı, illərdi, hər dəfə Gürcüstandan sərhədini keçən kimi mənə zəng edir. Pulum olmayanda da “gəl götür, nə vaxt olsa verərsən ”- deyir. Məni görən kimi qucaqlayıb bağrına basır. Bilmirəm niyə bu qədər sevir məni.

Zurab gəncliyində güləşçi olub, elə indi də vəhşi kimidi. Hərdən başındakı çapığı göstərir. Qamsaxurdiyanın zamanındakı inqilablar vaxtı başını “desant lapatkası” ilə vurub yarıblar. Beləcə qanın içində küçədə qalıbmış, elə biliblər ölüb, aparıblar morqa, morqda ayılıb.

Yadımdadı, Xaqani 33-də araq-çaxırlı heybəsi çiynində Zurab qapıdan içəri girdi. Qapıçı Fikrəti gülmək aparmışdı. “Əsgər atası” filminə baxanlar məni yaxşı anlayarlar. Zurab “Azadlıq”ın həyətindəki çayxanada çay içən cəbhəçilərə səsləndi: “Bico, çay içməkdən bir şey çıxmaz, , çaxır için çaxır” –dedi.

Əvvəllər Montin bazarı ətrafında bir koma kirayələmişdi, ona görə həmişə Nərimanov metrosu tərəfdə hərlənirdi. İndi yerini dəyişib Zurab. “Gənclik” metrosu tərəfdə bir xaraba otaq tutub.

Zəngləşdik, dedim, səndən yazmaq istəyirəm. Xeyli güldü. Gecə Zurabın qaldığı mənzilə qonaq getdim. Dedi, üç ay olar təzyiqə görə içmirəm, ancaq sənin gəlişinə görə içəcəm.

Stola Gürcüstan sardelkası, pendir, acika, çaça qoydu. Yavaş-yavaş söhbətə başladıq.

 

- Zurab, heç indiyə qədər soruşmamışdım, Gürcüstanın harasındansan?

 

- 1953-cü ildə Qardaban rayonunun Norio kəndində doğulmuşam, indi də orada yaşayıram.

 

- Həyat yoldaşın var?

 

- Hə, Norio kəndindəki evimizdə həyat yoldaşım, oğlum və gəlinimlə birgə yaşayırıq. Mənim bir qızım vardı, 5 yaşında dünyasını dəyişdi. Onu çox sevirdim, hələ də unuda bilmirəm. Həmişə içəndə birinci badəni onun ruhunun şad olması naminə qaldırıram. Bilirəm, sizdə belə adət yoxdu. Kim bilir, biz düz eləyirik yoxsa siz.

 

- Bəs nəvən varmı?

 

- Yox, nədənsə, oğlumun övladı olmur.

 

- Bu araq-çaxırı haradan alıb gətirirsən?

 

- Kaxetdə bir qohumum var, böyük üzüm plantasiyası var. Bu içkilərin hamısını özü çəkir. Gətirdiyim araq da, çaxır da təbii üzümdən hazırlanır. Yəni burda bir qram kimyəvi maddədən söhbət ola bilməz.

 

- Sərhədi keçəndə çoxmu mane olurlar?

 

- Əlbəttə! Bir-iki konistr içkidən ötəri gömrükçülər dərimi soyur. Hamı məndən pul istəyir, pul, pul, pul!

 

- Bəs, Bakıda əsasən harda satırsan gətirdiklərini?

 

- Fərdi adamlara da satıram, restoran-kafelərə də verirəm. Mən əvvəllər hisə verilmiş balıq da gətirirdim, istəyirdilər, gətirirdim. Olub, pendir, sosiska da gətirmişəm. İndi yalnız çaxır və araq gətirirəm. Çox çətindi, çox! Heybə çiyinlərimi yağır eləyib.

 

- Zurab, həmişə “vuranda” Saakaşvilini söyürsən, niyə?

 

- Çünki Saakaşvili gürcülərin düşmənidi. O, demokratiya adı altında bütün gürcü torpaqlarını satdı.

 

- Kimə satdı? Sən nə danışırsan? Saakaşvili Gürcüstanda sivil bir cəmiyyət  qurdu.

 

- Nə sivil cəmiyyət? Saakaşvili gələndən gördüyün o məğrur gürcü milləti yaltaqlanmağı öyrəndi. Saakaşvili torpaqları rus, çin, ərəb firmalarına satdı. Gürcüstanın bütün torpaqları satılıb. Yaxşı güzəranımız olsaydı mən bu yaşda belimdə çaxır heybəsi daşıyardımmı?

 

- Bəs, baş naziriniz necədi, İvanişvili?

 

- O, yaxşı insandı, adamlara kömək eləmək istəyir, onu da çox pis adamlar əhatələyib. Onun həyat yoldaşı da yaxşı insandı, xalqa yaxın adamdı, yəni.

 

- Azərbaycanlılarla nə vaxtdan dostluq eləyirsən?

 

- Mən hərbi qulluğu Saratov şəhərində eləmişəm. Bir neçə azərbaycanlı əsgərlik  yoldaşım olub, dost olmuşuq. Mən idmançıyam, onda da qolum zorlu idi, daima onları vəhşi ruslardan xilas eləyirdim.

 

- Azərbaycanlılar necə millətdi?

 

- Sizin çox gözəl xalqınız var. Varlıların xasiyyətini bilmirəm, çünki onları görmürəm, ancaq sadə xalq çox hörmətcildi. Artıq 20 ilə yaxındı ki, mən Azərbaycanla dolanıram. Düzdü, meşə çaqqalsız olmur, pis hər yerdə var, ancaq sizin milləti çox sevirəm. Mən sizlərdən heç vaxt pislik görməmişəm.

 

- Baxıram, divardan dini şəkillər asmısan, dindarsanmı?

 

- Hə, Məryəm ana ilə İsa peyğəmbərin şəkilləridi. Hər gün bu şəkillərin qarşısında şam yandırıb ibadət edirəm. O dünyadakı qızımı onlara tapşırıram. Sizin xalqa da bizim xalqa da əmin-amanlıq arzulayıram.

 

- Gürcü xalqına özgə nəyi arzulayardın?

 

- Əvvəlki qüruruna qayıtsın, yaltaqlığı vərdiş eləməsin.

 

- Bəs bizim xalqa?

 

- Ümumiyyətlə, gürcülərə də, azərbaycanlılara da azadlıq və bolluq arzulayıram! Qoy, tanrımız bizim çörəyimizi lazım olan qədər versin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1667
avatar

Murad Köhnəqala

Oxşar yazılar