Sən hardaydın Xocalı məhv olanda?
İyirminci əsrin sonlarında Dünyanın üzünə çəpəki çəkilmiş ağır bir şillədir Xocalı faciəsi.
Nə tarixə düşmüş statistik məlumatlar, nə yazılacaq kitablar, nə çəkiləcək filmlər, nə də danışılan və danışılacaq sözlər örtə bilməz bu şillədən sonra qalmış qızartının üzərini, ovuda bilməz o acının ağrısını.
Dünya ömrünün axırına kimi utanacaq Xocalıdan, xocalılılardan...
***
Hələ ki, ən yaxın və ən yeni tariximizdir bu, hamımız sağıq, hamımız xatırlayırıq həmin gün ölkədə baş verənləri.
Nə fərqi hansımız harada idik, nə ilə məşğul idik?
Qanımıza susayanlar bizim ömrümüzə qara günlər yazmaqla, tariximizi qan çanağında boğmaqla məşğul idilər.
“Bəs sən harada idin, nə edirdin, bu xəbəri hardan bildin, nə hiss etdin, nə gördün?” deyə soruşmaq istədim bu gün hər kəsdən...
Soruşdum da. Lent.az cavabları təqdim edir.
***
Narıngül Babayeva, şairə:
- Həmin vaxt oğlum kiçik idi, demək olar ki, evdə olurdum. Bütün hadisələri televiziyadan izləyirdim. Amma təbii ki, verilən xəbərlərə inanmırdıq o vaxt. Qonşuluqda döyüşkən ruhlu bir qadın vardı, hər gün milli məclisin qarşısına gedir, xalq hərəkatında müntəzəm iştirak edirdi. O, gəlib dedi ki, bütün bir kəndin camaatını qırıb ermənilər. Sonra həm erməniləri, həm də bizim hakimiyyətdəkiləri söyə-söyə getdi. Sonra məlum oldu həqiqətlər. Çox pis təsir etdi mənə. Xəbərlərdə iki nəfərin öldürüldüyünü deyirdilər, dönə-dönə...
İlqar Şahmaroğlu, jurnalist:
- 1992-ci ilin 26 fevralında mən öz kəndimizdə - İmişli rayonunun Ağaməmmədli kəndindəydim. Hava soyuqluğu, işığın yanmaması indi də yadıma düşəndə canım üşüyür. Ata nənəm can üstəydi. Səhər saat 9 radələrində o rəhmətə getdi. 11 radələrində Xocalı qırğınını eşitdik. 12 radələrində xəbər gəldi ki, bu nənəmin bir qız nəticəsi dünyaya gəlib. Axşam kəndimizə Xocalıdan - ölümün pəncəsindən güclə qurtulmuş ailələr daşındı. Ertəsi gün rayon mərkəzində beş mərtəbəli binaya xocalılılar yerləşdirildi. Həmin vaxt mətbuatda olduğuma görə o binanın məcburi köçkün ailələrinin hər birinin evində olmuşdum, problemləri ilə bağlı bizə də üz tuturdular. Ailə vardı, 5 nəfər, ailə vardı 7 nəfər itirmişdi, elə adam vardı bütün yaxınlarını itirib tək qalmışdı...Yeri gəlmişkən, oğlum Elkinin də doğum təvəllüdü 26 fevraldı. 26 fevral 2001. Doğum şəhadətnaməsində də elə yazdırdım.
Vaqif Yusifli, tənqidçi:
- Bakıda idim, o bəd xəbəri gec çatdırdılar, yata bilmədim... Mən Xocalı faciəsini əks etdirən bir neçə yazı ilə çıxış etmişəm, rəhmətlik Ələkbər Salahzadənin “Xocalı xəcilləri” poemasından da ayrıca söz açmışam...
Ləman Ələşrəfqızı, ANS:
- Tələbəydim. BDU-da jurnalistikada təhsil alır, eyni zamanda mətbəədə işləyirdim. Xəbəri də əlbəttə ki, dəqiqliyi ilə deyə bilməsəm də bir neçə gün sonra işdə eşitdim. Danışdılar ki, kütləvi qırğın olub. Və nə qədər qəribə olsa da, əksəriyyət Əlif Hacıyevin ölümünə təəssüflənirdi. Yəni, mənim yaddaşımda qalan ölənlərin hamısı , bütün bir rayon bir yana idi, Əlif Hacıyev bir yana. O vaxt əhali arasında çox populyar idi. Əsl xalq qəhrəmanı idi. Yəni, təxminən belə qalıb yaddaşımda.
Mahir Mehdi, Lent.az:
- İyirmi iki yaşım vardı onda, heç bir sarsıntı keçirmədim, sadəcə mənimçün faciə deyilən bir şey yoxdu bu dünyada...Şuşadan sonra, daha ora da qayıtmaq istəmirəm...
Vüsal Məmmədov, Azvision:
- Onda mənim on dörd yaşım var idi. Yadımda qalan odur ki, faciəni bir neçə gün gizlətmişdilər, Milli Məclisdə qızğın müzakirələr gedirdi ki, orada çəkilən kadrlar göstərilsin, ya yox. Biz həmin iclasa canlı yayımla baxırdıq. Yadımdadır ki, sonda göstərilməyinə qərar verildi və elə Məclisdəki monitorlara çıxarıldı. Anam mənim gözlərimi tutdu ki, sən görmə, uşaqsan və özü ağlamağa başladı.
Jalə Mütəllimova, APA TV:
- Mən Zərdabda idim. Orta məktəbin 10-cu sinfində oxuyurdum. Sovet uşaqları, daha dəqiq desək, Lenin babaya inananlar sadəlövh olurlar bir az. Bizim rayonun kişiləri Hindarxda qurulmuş postda növbə ilə gecələyirdilər, bir gün qonşumuz Səyyaf dayı ağlaya-ağlaya gəldi ki, bəs Xocalını uşaqdan böyüyə qırıblar. Sonra TV kadrlarında, Milli Məclisdəki müzakirədə gördüm olanları…
Günay Səma Şirvan, yazar:
- Xocalı sakinlərinin başına gətirilən faciəni əvvəl kənddə danışdılar. Sonra rəhmətlik Çingiz Mustafayevin çəkdiyi kadrları izlədik. Anam bacımı və məni qucaqlayıb bərk ağladı. Elə biz də. Onu ana kimi bu gün gözəl anlayıram. Yetimliklə saxladığı iki başsız qız uşağına görə qorxurdu. Bizə isə bu qorxunu bildirməməyə çalışırdı. Elə "yazıq Xocalılar, bədbəxt Xocalılar..." -deyirdi. Dodağının altında dediyi ağını yaxşı eşitmirdik. Meyitlərə qarşı edilən işgəncələrdən, qız-gəlinə edilən təcavüz haqqında danışılanlardan qorxmuşduq. Heç kim Xocalılı olmaq istəmirdi. Xocalı şəhidləri bununla da fərqlidirlər. O faciə yada düşəndə kişilər qadınına, bacısına, analar övladlarına qorxu ilə baxırlar. Xocalı faciələrini əks etdirən lentə baxandan sonra əmim Füzuli Paşa oğlu Əhmədov evdən "yoxa çıxdı" Bir aydan sonra Qarabağdan xəbər göndərdi: "Narahat olmayın, Qarabağdayam." Sən demə, könüllü cəbhəyə yollanıbmış." Xocalıların intiqamını almağa gəldim"-deyibmiş. 6 ay sonra Ağdam işğal olunanda əmim şəhid oldu. Doğulanda üzünü görmədiyi iki aylıq körpəsi atasız qaldı.
Balayar Sadiq, şair:
- Həmin vaxtlar Lənkəranın Rvo kənd məktəbində müəllim işləyirdim. Xocalı faciəsi haqqında ilk dəfə televiziyadan məlumat bildim, yadımdadır, üç-dörd yaşlarında bir uşaq göstərdilər, onun sifəti qan içində idi, gözü şişmişdi. Mən göz yaşlarımı həyat yoldaşımdan gizlətmək istədim, amma o da ağlayırdı...Mənim oğlum o uşağın yaşında idi və oğluma oxşayırdı o uşaq... Həmin vaxt oğluma baxa bilmirdim, baxan kimi gözümə o uşaq görünürdü. Bir neçə gündən sonra Milli Orduya yazıldım. Mənim üçün Xocalı al-qana bələnmiş, gözünün altı qançır bağlamış və oğluma oxşayan o uşaqdı. Mən bu ağrını hələ də yaşayıram və hər dəfə o uşağı göstərəndə göz yaşlarım danışır. Mən Xocalı haqqında yaza bilmirəm, elə bil qorxuram...
***
Ağırdı həmin günü xatırlamaq, o barədə danışmaq.
Amma lazımdı, vacibdi, mütləqdi.
Xocalı qaytarılmalı, xocalılılar o torpağa qayıtmalı, o qan hopmuş torpağı şumlamalı, əkməli, suvarmalıdırlar.
O torpaqlar iyirmi iki ildir ki, suya həsrətdi çünki...