Fevralın 1-də Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayevin 50 illik yubileyi münasibətilə qələmə alınan “Xəzərin Xəzər dünyası” kitabının təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, “Qızıl qələm” mükafatı laureatı Minadi Mikayılovun müəllifi olduğu kitabda yubilyarın ömür yolundan və qazandığı uğurlardan bəhs edilib.
Çoxsaylı dövlət və ictimai xadimlər, o cümlədən idman ictimaiyyətinin nümayəndələri, məşhur yerli və əcnəbi idmançılar, ayrı-ayrı idman mütəxəssisləri X.İsayev barədə ürək sözlərini bölüşüblər. Müxtəlif illərdə mətbuat səhifələrində onun idmançı kimi əldə etdiyi nailiyyətlərlə bağlı yazılardan parçalar da əsərdə əksini tapıb. Bundan başqa dünya və ikiqat Avropa çempionumuz oxucuları ilə “şəkillərin dili ilə danışıb”.
Təqdimat mərasimində kitabın müəllifi bildirib ki, 23 yaşında – 1986-cı ildə dünya çempionu olmağı bacaran X.İsayev 50 yaşınadək xeyli uğura imza atıb. O, əsri yarılayan yubilyarın “Xəzər dünyası”nın 100 yaşında da ərsəyə gətirilməsini arzulayıb.
Veteran idmançımız isə artıq dünyanın hər yerindən təbrik zəngləri almağa başladığını, amma fəaliyyətinə ən böyük qiymətin dövlət başçısı İlham Əliyev tərəfindən verildiyini söyləyib. O, kitabda doğulduğu Ağdaş rayonunda orta məktəb illərindən idmançı karyerasına başlaması və karyerasını başa vurduqdan sonra da idman funksioneri kimi fəaliyyətinin əhatə olunduğunu bildirib. Onun fikrincə, bu kitab gənc nəslə istiqamətlənib: “Öz gəncliyim ağır olsa da, kitabın gənclərə bir örnək olacağını düşünürəm”.
X.İsayev belə bir kitabın ərsəyə gətirilməsi təklifinin 6 ay öncə müəllifin özü tərəfindən gəldiyini, amma ötən il keçirilən digər mühüm tədbirlərlə əlaqədar bu yaxınlarda çapa verildiyini açıqlayıb: “Ola bilsin, yazdığımız tarix bu kitabda tam şəkildə əksini tapmayıb. Çünki kitabın nəşri tələsik alındı. Gələcəkdə “Xəzərin Xəzər dünyası”nın ikinci hissəsinin də işıq üzü görməsi mümkündür”.
Yubilyar təqdimat mərasiminə toplaşanlara da müraciət edərək, “Sizinlə görüş 50 yaşımda ən yaddaqalan anlarımdandır. Yubileyim isə bu axşam Dövlət Bayrağı Meydanında daha yüksək səviyyədə qeyd olunacaq” deyib.
Qeyd edək ki, “Xəzərin Xəzər dünyası” Dövlət Gömrük Xidmətinin nəşriyyatında 500 nüsxə ilə çapdan çıxıb. X. İsayevin istəyi ilə kitab satışa çıxarılmayacaq və kitabxanalara, idman təşkilatlarına və xadimlərinə paylanacaq. Yaxın vaxtlarda əsərin miniatür və elektron variantı da oxucuların ixtiyarına veriləcək.