Gənclər üçün Təhsil Mərkəzi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Təhsil millətin gələcəyidir” kampaniyasına start verib.
Kampaniyanın məqsədi Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafında ulu öndər Heydər Əliyevin misilsiz rolu haqqında gənc nəslin məlumatlandırılmasına şərait yaratmaq və ölkəmizdə təhsilin inkişafına dəstək verməkdir.
Cari ilin sonuna qədər davam edəcək proqram Azərbaycanın əksər regionlarında həyata keçiriləcəkdir.
Kampaniya çərçivəsində cəzaçəkmə müəssisəsindəki uşaqlar üçün kitab toplama aksiyası, müxtəlif müsabiqələr, sərgi və olimpiadalar, seminar və təqdimatlar təşkil olunacaq, tanınmış şəxslərin təhsilə dəstək fotoları və video çarxları hazırlanacaqdır.
Kampaniyanın koordinatoru Fəxrəddin Həsənzadənin verdiyi məlumata görə, ictimaiyyət tərəfindən daxil olan təşəbbüslərin də dəstəklənməsi mümkündür. Bunun üçün onlar istənilən vaxt Mərkəzə müraciət edə bilərlər.