Tələbəlik illərimizin ən əziz dostlarından biri də əslən Riqadan olan latış Yanisdi. O, bir şair kimi maraqlı olsa da tacik tələbələrlə tacik dilindən tərcümə fakültəsinə daxil olmuşdu. Son dərəcə dürüst və səmimi olan bu oğlan yataqxanada bütün tələbələrin marağına səbəb olmuşdu. Çünki, tələbəliyin elə ilk aylarından yataqxananın koridorunda bəzəkli tacik xalatında hərlənirdi. Getdikcə “farslaşan” bu latışa əvvəlcə hamı atmacalar atıb məzələnirdilər. Get-gedə tacik xalatlı bu səmimi latışa gözlərimiz öyrəşdi. O, artıq birinci kursun ortalarından taciklərlə tacik dilində danışmağa başlamışdı.
Nədənsə Yanis slavyan tələbələrlə çox az ünsiyyət qurar, əsasən taciklərlə oturub-durardı. Mənimlə eyni kursda oxuduğuna görə yavaş-yavaş dostlaşmışdıq. Yanis mənim vasitəmlə bütün azərbaycanlı tələbələrin səmimi dostuna çevrildi. Şaiq Vəli, Umud Rəhimoğlu, Şamil Bahadur, Arif Fərzəliyev Etimad Başkeçid - hamımız Yanisi qardaş kimi sevməyə başladıq. İçən adam olsa da heç vaxt dava-dalaşla işi olmazdı.
Tələbəlik illərindən sonra Yanis Bakıya mənim yanıma gələrək İrana getmək istədiyini bildirdi. Onda 90-cı illərin əvvəlləri idi, Latviyadan gəlib İrana getmək üçün çoxlu şərtlər vardı. Lakin Yanisin Şərqə meyli onun riskini getdikcə artırırdı. Bu işdə israrlı olduğuna görə onu Cəlilabaddakı dostların yanına göndərdim. Dostlar Yanisi qaçaq yolla İrana keçirmişdilər. Söz yox ki, sərhədi keçən kimi Yanisi tutub zindana basmışdılar. Lakin dövlət adamları onun İran üçün heç bir təhlükə yaratmadığını aydınlaşdırandan sonra onu azad buraxaraq sərhəddən geri ötürmüşdülər.
Yanis məclislərimizdə klassik fars şairlərinin şeirlərini əzbər deyər və mənasını bizlərə tərcümə etməyi sevərdi. O, getdikcə bu işlərin dərininə gedərək şərq sufizm fəlsəfəsinə girişdi və orta əsrlərdə yaşamış sufi filosof Molla Sadrı araşdırmağa başladı. Yanis öz dilindən başqa rus və fars dillərini təmiz öyrənməyə başladı. Artıq dünyanın hansı ölkəsində sufizm üzrə konfranslar düzənlənirsə Yanis ora dəvətli olur. Mən onu Dərviş Yunus deyə çağırıram.
Bir dəfə ona dedim ki, doktorluğunu bitirmisənsə göndər mən də oxuyum, görüm nədən yazmısan? Dedi, iş həm həcmcə böyükdü, həm də ingiliscədi. Soruşdum, bəs kim tərcümə eləyib? Gülüb dedi, nə tərcümə, özüm ingiliscə yazmışam. Demək, bu adam həm rusca, həm almanca, həm farsca, həm də ingiliscə yazıb-oxumağı yüksək səviyyədə bilir.
Bir gün Türkiyədə yaşayan folklorşünas alim Arif Acalla Yanisdən danışdıq. Arif dedi ki, latışlar “Quran”ı öz dillərinə tərcümə eləyiblər və son redaktəni ərəb dili mütəxəssisi kimi Yanisə həvalə ediblər. Mən bir adamın bu qədər dil bilməsinə heyrət elədim.
Nə isə, bu yaxınlarda Yanis Bakıdakı dostlarından ötəri darıxıb qonaq gəlmişdi. Mən onunla tanış etmək üçün fars dilini mükəmməl bilən cənublu şair dostum Dalğa Xatunoğlunu da dəvət elədim. Tələbəlik dostumuz Yavuz Cəlil isə Yanisin gəlişinə sevinərək özünü yanımıza yetirmişdi.
Ötən ayların birində Kulis.az saytında Bakı Slavyan Universitetinin düzənlədiyi konftansa gələn, Latviya Dövlət Universitetinin ərəb-fars ədəbiyyatı kafedrasının professoru, Londonda İsmailizm Təhqiqatları İnstitutunun əməkdaşı Yanis Eşotsla Etimad Başkeçid və Mirmehdi Ağaoğlu geniş söhbət təqdim etmişdilər. Bu maraqlı müsahibədə Yanis məşğul olduğu sufizm haqda ətraflı danışmışdı. Ona görə mən Yanislə əsasən məişət qayğılarından danışmağa üstünlük verdim.
- Yanis, nə yaxşı gəlmisən?
- Tbilisiyə bir tədbirə dəvət etmişdilər, fikirləşdim, Qafqaza gəlmişkən, sizləri də görəm. Ona görə dünən qatara minib gəldim Bakıya. Ümumiyyətlə mən imkan düşən kimi Bakıdakı dostları görmək istəyirəm. Üstəlik Mirəlinin (tələbə yoldaşı) Azərbaycandakı Tacikstan Səfirliyində işlədiyini öyrəndim və dedim hamınızı bir yerdə görüm.
- Hə, Mirəli ilə mən artıq iki dəfə görüşmüşəm, heç qocalmayıb, elə tələbə vaxtındakı kimi qalıb. Sən sonuncu dəfə nə vaxt gəlmişdin?
- Yadında deyilmi, Slavyan Universitetinin konfransına gəlmişdim. Ondan əvvəl də Şaiq Vəli xəstə yatanda gəlmişdim.
- Hə...hə! Yadımdadı Şaiq Vəlini görmək üçün sən Londondan birbaşa Bakıya gəldin. Riqada vəziyyət necədi? Yenə ata evində qalırsan?
- Hə, başqa harda qalasıyam ki? Atam öləndən sonra təkcə yaşayıram.
- Yanis, bir dost kimi soruşmaq istəyirəm, bəs niyə evlənmirsən?
- Nə evlənmək? Elə şeylər mənlik deyil! Alim hara, evlənmək hara?! Siz şərq şairləri dərhal evlənirsiniz, arvad-uşaq qayğısı və azadlığınız əldən gedir.
- O vaxtlar deyirdin, eviniz Riqadan bir az aralıdı.
- Hə, elektrik qatarı ilə 20 dəqiqəlik yoldu. Universitetə gəlib-gedirəm.
- Bəs sənə yeni mənzil vermək istəmirlər?
- Kim verməlidi? (gülür)
- Məsələn, dövlət.
- Ha-ha-ha, nə ev, bizdə dövlət belə şeylə məşğul olmur. Alim adamam, mənə bircə otaq da bəs eləyər ki, oturub öz işlərimlə məşğul olum. Mənim evimdə atamdan qalma bir televizor vardı, onu da qonşuya verdim ki, bu mənə mane olur.
- Deyəsən, içkini azaltmısan?
- Hə, tələbəlikdə kifayət qədər içdik, indi hərdən şərab içirəm, çünki çox içsəm yaddaşım korlanar. Mən yaddaşla işləyən adamam.
- İslamı qəbul eləmək haqda düşünmürsən?
- (Bir az düşünəndən sonra) Yox-yox!
- Niyə, sən ki sufisən?
- Birincisi, mən sufi deyiləm, sufi həyat tərzi yaşamıram, mən sufizm araşdırmaçısıyam. İkincisi də islamı qəbul eləmək mənim üçün artıq gecdir.
- Niyə gecdir?
- (Xeyli gülür) Sünnətdən qorxuram.
- Yanis, bu qədər dili necə öyrənmisən?
- (Gülür) Siz yatanda.
- Təxminən neçə dil bilirsən?
- Ərəbi, farsı, ingilisi, rusu, almanı, fransızı... Avropanın istənilən ölkəsində sərbəst danışıram.
- Son vaxtlar ən çox hansı ölkələrdə çox olursan?
- Öz işimlə əlaqədar olaraq əsasən İrana və Türkiyəyə daha çox səfərlər edirəm. İngiltərədə də mütəmadi oluram.
- Bəlkə axşam qalasan, Dalğa səni evlərinə qonaq aparmaq istəyir, səhərə qədər farsca danışmaq, Hafizdən sökmək şansınız var.
- Yox, hamınıza minnətdaram, oteldə yerim var.
- Bakıdakı bütün dostlar səni çox istəyir, Yanis.
- Mən də sizləri çox sevirəm...