Bakıda adam oğurlayanlar HAKİM QARŞISINDA:  "TikTok"dan başlayan CİNAYƏT
15 dekabr 2025 18:13 (UTC +04:00)

Bakıda adam oğurlayanlar HAKİM QARŞISINDA: "TikTok"dan başlayan CİNAYƏT

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə adam oğurluğunda ittiham olunan Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən Səlim Əliyevin ifadəsi ilə davam edib:

"Mən usta işləyirəm, təmir-tikinti işləri ilə məşğulam. Hadisədən bir neçə gün qabaq o adamın "TikTok"da bizi söydüyü videonu gördüm. Gəldim Nurşirəvanın kafesinə, dedim bəs videoda bizə söyüb təhqir ediblər. Dedi ki, bilirəm, polis bu işlə məşğuldur. Çıxanda kafedə xadimə çalışan xanım mənə yaxınlaşdı ki, həyat yoldaşıma iş lazımdır, kömək edərdiniz. Adamla danışıb razılaşdıq. Mən onun kim olduğunu bilmirdim. Getdik iş yerinə, onda bildim ki, bizi söyən Nəzirxan budur. Nurşirəvana dedim ki, polislərlə haqqında danışdığımız adam iş üçün mənim yanıma gəlib. Nurşirəvan dedi ki, işdən sonra gətir onu mənim yanıma. Nəzirxanın özü ilə söhbət elədim; gördüm ki, adam ağzının danışığını bilməyən biridir. Gəldik, kafeyə 300 metr qalmış mən yollandım evimə, bu da öz yoluna getdi. Nəzirxan o gedən oldu, 3-4 gün bu adamdan xəbər çıxmadı, zənglərə cavab vermədi. 3-4 gün sonra məni bölməyə çağırdılar ki, bəs sənin yanından gedəndən sonra bunu döyüb yaman günə qoyublar. O hadisədən sonra Nəzirxan gəldi yanıma, bir həftə yanımda çalışdı. Bu məsələyə görə başıma çox iş gəldi, mən çox məqamları açmaq istəmirəm. Bilin ki, ancaq buradakı ifadəmi təsdiq edirəm".

Daha sonra təqsirləndirilən S. Əliyev dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb. 

Növbəti proses 17 dekabra təyin edilib.

Xatırladaq ki, Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevə Cinayət Məcəlləsinin 144.2.4-cü (adam oğurluğu - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 144.2.5 ( silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə) 144.2.6 (tamah məqsədi ilə və ya sifarişlə törədildikdə - səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) 133.2.1 (Əzab vermə - iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə) 133.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) 133.2.6 (işgəncə verməklə törədildikdə) 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə - Bu Məcəllənin 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etməbeş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri ilə ittiham elan edilib.

İstintaqla müəyyən edilib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov "TikTok" sosial şəbəkəsində "Nəzirxan qanuni oğruların dədəsi" adlı hesab açaraq, həmin hesab vasitəsilə kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan mərhum Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələr paylaşıb. Bundan sonra Nəzirxanın paylaşımlarını görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib.

Təqsirləndirilən Şücaət Rzayev tanışı Elsevər Əhmədovun sifarişi ilə digər şəxslərlə birlikdə Nəzirxan Ağaxanovu oğurlayaraq təhqir edib, xəsarət yetirməkdə şübhəli bilinir.

İttihamda deyilir ki, təqsirləndirilənlər Nəzirxan Ağaxanovun mobil telefonunu əldə edib, onu iş görmək adı ilə Zabrat qəsəbəsindəki 118 saylı marşrut avtobusunun sonuncu dayanacağına çağırıblar. Onlar Nəzirxan Ağaxanovu orada qarşıladıqdan sonra söhbətə tutaraq bir qədər aralıya aparıb, öncədən planlaşdırdıqları kimi yük avtomobilinin yük yerinə yerləşdirərək əl-qolunu və gözlərini yapışqan lentlə bağlayıb, yaşadığı Zabrat qəsəbəsindəki evinə aparıblar.

İstintaq materiallarında daha sonra qeyd olunub ki, Təbriz Əliyev, Elnur Alışov, Əhməd Əzizov və Murad Rzayev kəsici-deşici alətlərdən istifadə edərək müxtəlif işgəncələr verməklə onu yaşadığı evin həyətindəki toyuq hininə salıblar.

Bundan sonra həmin şəxslər öncədən gətirdikləri qırmızı rəngli "gəlinlik" paltarını onun əyninə geyindirərək paylaşımlarına görə üzr istəməsi tələb edib, üzr videosunu sosial şəbəkələrdə paylaşıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli şəxslər müəyyən olunaraq saxlanılıblar.

Qeyd edək ki, sözügüdən cinayət işi üzrə daha 4 nəfər barəsində axtarış elan edilərək onların istintaqa cəlb olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Cinayət işi üzrə Nəzirxan Tofiq oğlu Ağaxanov zərərçəkmiş qismində tanınıb.Təqsirləndirlilən şəxslərdən ikisi yetkinlik yaşına çatmayandır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar