Bəşəriyyətin ən qaranlıq  dövrü: XVII əsr - DƏHŞƏTLİ FAKTLAR
15 dekabr 2025 18:53 (UTC +04:00)

Bəşəriyyətin ən qaranlıq dövrü: XVII əsr - DƏHŞƏTLİ FAKTLAR

0

Bəşəriyyət üçün ən dəhşətli dövrlərdən danışılarkən XVII əsrin faciələri çox vaxt yetərincə qiymətləndirilmir. Halbuki həmin dövrdə bəzi insanlar varlansa da, dünya müharibələr, siyasi sarsıntılar, inflyasiya və iqlim dəyişikliklərinin yaratdığı xaos içində idi. 

Lent.az xarici mediaya istinadla xəbər veirir ki, tarixçilər bu dövrü əsasən “ümumi böhran” adlandırırlar. Bu anlayış XVII əsrin əvvəllərindən XVIII əsrin əvvəllərinədək, əsasən Avropada, eyni zamanda Asiyanın böyük bir hissəsində genişmiqyaslı münaqişələr və davamlı qeyri-sabitliklə xarakterizə olunan bir epoxanı ifadə edir.

Məqalədə qeyd olunur ki, bu əsrin nə qədər ağır olduğunu göstərən əsas faktlardan biri Yer əhalisinin sonuncu dəfə məhz həmin dövrdə azalmasıdır. Bu enişin başlıca səbəbi 1600-cü illərdə baş verən saysız-hesabsız müharibələr olub. İngiltərə Vətəndaş müharibəsi, Fransadakı Fronda vətəndaş müharibələri, Səksənillik müharibə, Fransa–İspaniya müharibəsi, Birinci ingilis–hollandiya müharibəsi, Polşa–İsveç müharibələri, Hindistanda Moğollarla Maratxalar arasındakı toqquşmalar, Mancurların Çini fəthi zamanı Min sülaləsinin süqutu, Osmanlı və Səfəvi imperiyaları arasındakı münaqişələr bu qarşıdurmalardan yalnız bir neçəsidir.

Lakin ən böyük sarsıntı 30 illik müharibə olub. 1618–1648-ci illərdə baş verən bu münaqişə demək olar ki, bütün Avropanı əhatə edib və əsas Avropa dövlətlərinin çoxunu öz içinə çəkib. Tarixin ən ölümcül müharibələrindən biri sayılan bu qarşıdurma nəticəsində 8 milyonadək insan həyatını itirib, Mərkəzi Avropanın böyük hissəsi xarabalığa çevrilib.

Bu əsrin çətinliklərini artıran digər amil isə hava şəraiti idi. Dövrün Avropa rəsmlərinə baxdıqda, çoxunda qarlı mənzərələrin təsvir olunduğunu görmək mümkündür. Bu təsadüfi sayılmır, çünki həmin illərdə Qərbi Avropanın bir çox bölgəsində temperatur təxminən 2 dərəcə Selsi aşağı düşmüşdü.

IFLScience bildirir ki, 1608-ci ildən etibarən Londonda hava o qədər soyuq olub ki, Temza çayı üzərində “şaxta yarmarkaları” təşkil edilirdi. Yerli sakinlər donmuş çayın üzərində bazarlar qurur, oyunlar oynayır və əyləncələr keçirirdilər. XIX əsrə doğru Temzada güclü don hadisələri seyrəkləşib, bu gün isə demək olar ki, baş vermir.

Eyni zamanda 2011-ci ildə aparılan bir araşdırma göstərib ki, Kiçik Buzlaşma dövrü kənd təsərrüfatına ciddi zərbə vurub. Bu da ərzaq çatışmazlığına, iqtisadi sarsıntılara və Avropa boyunca əhali narazılığına səbəb olub. Nəticədə çoxsaylı müharibələr, üsyanlar və iğtişaşlar baş verib.

Tədqiqatçılar iqlim məlumatlarını əhali sayı, müharibələr, sosial qarışıqlıqlar, kənd təsərrüfatı istehsalı, taxıl qiymətləri və əməkhaqqı kimi göstəricilərlə müqayisə edərək belə qənaətə gəliblər ki, “ümumi böhran” 1560–1660-cı illər arasında baş verən qlobal soyuma ilə birbaşa əlaqəli olub.

XVII əsrdə yaşayan insanlar da öz dövrlərinin nə qədər qaranlıq olduğunu yaxşı anlayırdılar. Məsələn, Çində 1641-ci ilə aid bir sənəddə belə yazılmışdı:

“Fəlakətlər və üsyanlarla bağlı bütün qəribə hadisələr arasında bundan daha betəri heç vaxt olmayıb”.

İki il sonra İspaniyada yayımlanan bir broşürdə isə deyilirdi: “Bu, elə bir dövrə bənzəyir ki, hər bir millət alt-üst olub və bu da bəzi böyük beyinləri dünyanın sonuna yaxınlaşdığımızdan şübhələndirməyə vadar edir”.

IFLScience yekunda vurğulayır ki, bu gün də tez-tez “dünyanın sonu”nda yaşadığımız deyilir: iqlim böhranı dərinləşir, ətraf mühitin çirklənməsi artır, geosiyasi gərginlik zirvə həddinə çatıb. Ola bilsin ki, öz fəlakətimiz haqqında düşünərkən XVII əsrə nəzər salmaq bizə xatırlatsın ki, bütün böhranlar gec-tez bitir, lakin onların yerini yeniləri mütləq tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar