Anasını sevgilisi ilə lüt tutdu:  Maştağada qətl törədən oğul HƏBS OLUNMADI
15 dekabr 2025 20:15 (UTC +04:00)

Anasını sevgilisi ilə lüt tutdu: Maştağada qətl törədən oğul HƏBS OLUNMADI

0

CİNAYƏT İŞİ

Qısa arayış...

2024-cü il oktyabrın 13-də Bakının Sabunçu rayonunda qətl hadisəsi olur. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olur ki, hadisə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə baş verib. Cinayəti törədən Bakı şəhər sakini 2003-cü il təvəllüdlü Məhəmmədəli Əmirxanov saxlanılıb.
 
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


 
Dekabrın 14-də Məhəmmədəli Əmirxanovun barəsində seçilmiş həbs qətimkan tədbiri xüsusi tibb müəssisəsinə yerləşdirmək təhlükəsizlik tədbirinə dəyişdirilib.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, Məhəmmədəli Əmirxanov anasına Səid Əhmədovla münasibətə son qoymasını və onun yaşadıqları evə gəlib-getməməsini bildirib. Buna baxmayaraq oktyabrın 13-də Maştağa qəsəbəsində yaşadığı evə gələndə, yataq otağında anası ilə Səidin lüt vəziyyətdə çarpayıda uzandığını görüb. Bunu özünün şəxsiyyətini alçaldan hərəkət kimi qəbul edib və qəzəblənərək Əhmədovu öldürməyi qərarlaşdırıb. Mətbəxdən bıçaq götürərək, yenidən yataq otağına qayıdıb. Həmin an paltarlarını geyinən şəxsin üzərinə gedib, sağ ayağına və sol tərəfdən döş qəfəsinə 2 dəfə zərbə vurub. Nəticədə Səid Əhmədov ölüb.

Səid Əhmədov
 
İş üzrə dindirilmiş Məhəmmədəli Əmirxanov bildirib ki, evin tək övladıdır. Atası Asif Əsgərovla anası Güllər Əmirxanova o, hələ 8 aylıq uşaq olanda boşanıblar:

“Həmin vaxtdan etibarən məni anam böyüdüb. Ramana qəsəbəsində yerləşən 137 nömrəli orta məktəbdə 5-ci sinifə qədər oxusam da, sonra təhsil almadım. 18 yaşım olanda həqiqi hərbi xidmətə çağırıldım. Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət dövründə psixi problemlərim yarandı. Hospitalda müalicə aldım və hərbi xidmətə yararsız hesab edildim. Axırıncı dəfə, 2022-ci ildə Respublika Psixatriya xəstəxanasında müalicə aldıqdan sonra evə buraxılmışam.

Buna baxmayaraq, hazırda da bir aydan bir mənə şizofreniyaya qarşı iynə vururlar. Xəstəxanadan çıxandan sonra anam mənə Səid Əhmədovla ər-arvad kimi yaşadığını deyib. Anama dedim ki, həmin şəxsi onun əri kimi qəbul edə bilmirəm, buna görə xahiş etdim ki, o, evimizə gəlməsin. 2023-cü ildə, dəqiq yadımda qalmayan tarixdə anamı döydüyü üçün qadın Səid Əhmədov inzibati qaydada 1 ay müddətinə həbs edilmişdi. Təxminən 1 il olar ki, Səidi görmürdüm, özüm də anamdan onun haqqında heç nə soruşmurdum. Oktyabrın 13-ü saat 14 radələrində xalamgildən çıxıb evimizə gəlirdim. Evin çöl qapısı açıq olduğundan içəri daxil oldum. Anamla Səidin lüt vəziyyətdə çarpayıda uzanıb söhbət etdiklərini gördüm. Əsəbiləşərək, “demişdim axı, sizi birdə bir yerdə görməyim” deyib dərhal mətbəxə keçdim. Bıçağı götürüb yataq otağına qayıtdım. O vaxta qədər hər ikisi çarpayıdan qalxıb paltarlarını geyinirdilər. Səidin üzərinə gedib sağ əlimdə saxladığım bıçaqla ona bir dəfə möhkəm zərbə vurdum. Səhv etmirəmsə anam özünü qabağa verdiyi üçün, bıçaq onun sol qolunu kəsdi. 2-ci dəfə onu vurmaq istəyəndə, həmin şəxs bıçağı tutub əlimdən aldı. Sonra anamla birlikdə evdən çıxıb həyətə qaçdılar”.

Bundan sonra Məhəmmədəli xalasına zəng edib Səid adlı şəxsi bıçaqla vurduğunu deyib. Təxminən 1-2 saat xalasının evində oturandan sonra, 14-cü polis şöbəsinə gedib.

Məhəmmədəli Əmirxanov əlavə edib ki, əməlindən peşmandır. Hadisə günü içəri girib həmin səhnəni görəndə, əsəblərinə hakim ola bilməyib, buna görə də bıçaqla Səidə zərbə endirib. Bıçağı əlindən alanda, heç bir müqavimət göstərmədən həmin şəxsin qaçıb getməsinə imkan verib. 
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Xeyrənsə Qafarova ifadəsində göstərib ki, işdə olarkən bacısı ona zəng edərək, hadisə barədə məlumat verib:

“Evlərinə gedəndə, qardaşım yıxıldığı üçün ona armatur batdığını və təcili yardıma zəng etməyə ehtiyac olmadığını dedi. Yarasını görəndən sonra xəstəxanaya getməli olduğunu söyləsək də, Səid satmaq kişilikdən deyil söylədi. Yoldaşım gələndən sonra, onu güclə avtomobilə mindirib xəstəxanaya apardıq. Qardaşım əməliyyat zamanı öldü. Səidin Güllər adlı qadınla münasibətdə olduğunu, amma 1 ildən çoxdur ki ayrıldıqlarını bilirdim. Qarşı tərəfin qohumları evimizə gələndə bildik ki, qardaşımı qadının oğlu öldürüb”.


 
Məhkəmə iclasında Məhəmmədəli Əmirxanov istintaq zamanı verdiyi ifadəsini təsdiq edib.
 
Şahid Güllər Əmirxanova ifadəsində göstərib ki, uşağının 6-7 yaşında olanda 2-ci dəfə ailə həyatı qurub:

“8 il birgə yaşadıqdan sonra ayrılmışıq. Amma bir müddətdən sonra barışmışıq. Məhəmmədəli elə bilib ki, biz hələ də küsülüyük. Oktyabrın 13-də oğlum bizi gördükdən sonra bu hadisəni törətdi. Hadisə günü oğlumun evə gələcəyini bilmirdim, adətən həmin vaxtlarda uşağım dost-tanışının yanında olurdu. Mən də öz növbəmdə Səidə uşaq narahatdır, evə gəlmə deyirdim”.
 
Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub.

Yazılanlara əsasən, Güllər Əmirxanova Şamaxı rayon sakini Səid Əhmədovla 9 il əvvəl tanış olub. Aralarında sevgi münasibəti yaranıb, rəsmi nikaha daxil olmadan birlikdə yaşamağa başlayıblar. Səid əvvəllər 2 dəfə ailəli olub, boşanıb, əvvəlki nikahlarından 3 azyaşlı övladı olub. Güllərin oğlunda psixi problemlər yarandıqdan sonra Səidlə bir dəfə mübahisəsi yaranıb. 2023-cü ilin oktyabr ayında ayrılıblar. Güllər 1 ildən sonra Səidlə yenidən barışaraq, mütəmadi telefonla danışıb. Məhəmmədəli onun adını çəkməməsini və onların barışmasına razı olmadığını deyib. Ayın 13-də günorta çarpayıda uzanıb, söhbət edərkən qəflətən içəri girən Məhəmmədəli, onları görüb. Heç bir söz demədən mətbəxə tərəf gedib. Əlində bıçaqla gələrək, Səidə zərbə vurub. O, qorxduğu üçün oğlunu itələyib çölə qaçıb. Ona görə də sonra otaqda baş verənləri görməyib. Evin arxasında gizlənib. Səid evdən çıxaraq, küçəyə qaçıb. Bir qədər sonra evə girib heç kimin olmadığını, xalçanın və bəzi əşyaların qana bulaşdığını görüb. Yerdə qalan bıçağı hamam otağında yuyub. Səidə zəng vurub hal-əhvalını soruşub. Ondan xahiş edib ki, oğlunu tutdurmasın. Həmin şəxs də ona narahat olmamağını, bacısı Səmidənin evində olduğunu deyib. 2 saatdan sonra ona məlumat veriblər ki, Səid özünü pis hiss etdiyi üçün Sabunçu xəstəxanasına aparılıb. Sonra onu şöbəyə çağırıblar.


 
Kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyinə görə, Məhəmmədəli Əmirxanov ona ittiham edilən cinayət əməlini törədərkən əziyyət çəkdiyi “paranoid şirzofreniya” xəstəliyi nəticəsində hərəkətlərinin faktiki xarakterini dərk və onları idarə etmək iqtidarında olmayıb. Buna görə onun əməli Cinayət Məcəlləsinin 21-ci (anlaqsızlıq) maddəsinin təsiri altına düşüb.
 
Məhkəmə qənaətə gəlib ki, Məhəmmədəli Əmirxanovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi tam sübuta yetirilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Məhəmmədəli Əmirxanov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətdiyindən cəzadan azad edilib. O, 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilərək, barəsində tibbi xarakterli məcburi tədbirlər təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1096

Oxşar yazılar