“Səs” qəzetinin baş redaktoru: “Müxalifət jurnalistləri siyasi aksiyalar təşkil edəndə niyə susurlar?”-QALMAQAL
12 oktyabr 2013 14:25 (UTC +04:00)

“Səs” qəzetinin baş redaktoru: “Müxalifət jurnalistləri siyasi aksiyalar təşkil edəndə niyə susurlar?”-QALMAQAL

 

10 oktyabrda ATƏT-in keçirdiyi tədbir daha çox qalmaqallarla yadda qalıb. Həmin tədbirdə bir neçə qəzetin baş redaktorunun və QHT rəhbərinin ATƏT/DTİHB-nin müşahidəçilərinə sual vermək istəyi qalmaqala səbəb olub.  

 

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev “Yeni Müsavat” qəzetinə müsahibəsində həmin tədbirdə iştirak etməsini bu tədbirin önəmli olması ilə əsaslandırıb: “Ümumiyyətlə, Azərbaycanın taleyüklü məsələlərində nəinki baş redaktor, sıravi vətəndaş da öz mövqeyini bildirməyə məcburdur. İkinci tərəfdən, biz siyasi qəzetdə çalışan insanlarıq. Baxdız ki, əksər baş redaktorlar orda idi. ATƏT iki dəfə aralıq hesabatı verib və onların heç birində obyektiv olmayıb, qərəz hiss olunurdu. Ayın 8-də bu büro mətbuatla görüş keçirdi. Yalnız Azərbaycanın əleyhinə işləyən QHT rəhbərləri və mətbuatı dəvət etmişdilər. Mənim üçün də maraqlı idi ki, Azərbaycanda kifayət qədər imici olan “Səs” qəzeti və media holdinqində fəaliyyət göstərən heç kəs dəvət almamışdı. “Hyatt Regency”dən dəvətnamə gəlmişdi ki, filan tarixdə ATƏT tədbir keçirəcək. Ona görə də dedim, qoy iştirak edim, onlara deyiləsi sözümü deyim”.

 

B. Quliyev bildirib ki, müşahidəçilər onun sualına dözümsüz yanaşıblar: “Jurnalist tədbiri, hər hansı konfransı pozmağa cəhd etməməlidir. Bu, ədəbsizlikdir, mən də bunun əleyhinəyəm. Ona görə də orda qətiyyən elə addımlar atmadım. Sadəcə sualım o qədər nöqtəni vurdu ki, buna laqeyd qala bilmədilər. Nəticədə bəziləri o tədbiri tərk etdilər. Mən sual verəndə yerdən atmaca atanlar arasında isə NİDA-çılar da vardı, müxalifət jurnalistləri də. Günün sonunda isə ATƏT-in missiya qrupunun rəhbəri etiraf etdi ki, seçkilər demokratik keçirilib”.

 

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu davranışı “ciddi səhv” adlandırıb.

 

 “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə deyib ki, həmin tədbirdəki jurnalist və redaktorlarının davranışı vətəndaş mövqeyinə yox, siyasi mövqeyə aid məsələdir: “Orda siyasətçi gördüm. Hətta etik qaydaları gözləməyən siyasətçilərin davası demək olar. Jurnalistin vəzifəsi var: tədbiri izləmək, orda deyilənlərə aid suallar verib, verdiyi sualların cavabını dərc etmək. Ondan sonra baş verənləri şərh edə bilər. Amma həmin tədbirdə söhbət mediadan yox, siyasi çəkişmədən gedirdi. Onu media müstəvisindən izah etmək mümkün deyil”.

 

B. Quliyev isə Lent.az-a bildirib ki, ittihamlarla razılaşmır: “ Məni jurnalist etikasından kənar çıxış etməkdə ittiham edən ekspertlərin heç biri həmin tədbirə qatılmamışdılar. Onların fikirləri müxalifət qəzetlərində dərc olunan yalan informasiyalar üzərində qurulub. Onlar həmişə belədirlər, lazımi məqamda ya susurlar, ya da qaçıb gizlənirlər. Həmin “ekspertlər” tədbirdə olsaydılar, mənim sualımın nədən ibarət olduğunu yaxşı eşidər və bundan sonra şərh verərdilər”.

 

B. Quliyev deyib ki, o, ATƏT/DTİHB-nin müşahidə missiyasının rəhbərliyinə niyə yalan məlumatlar əsasında hesabat hazırladığını soruşub: ““Ekspertlər”in yadına bir daha salmaq istəyirəm ki, jurnalist istədiyi sualı verə, hətta qane etmədiyi cavabı da ala bilər. Əgər mən siyasi sual vermişəmsə, bunu jurnalist etikasından kənar adlandırmağın özü etikadan kənar, qərəzli mövqedir. Əslində həmin tədbirdə gərginliyin yaşanmasının günahı təşkilatçılarda və müxalifət tərəfdarlarında oldu. Niyə mən “müxalifət tərəfdarları” ifadəsini işlədirəm, çünki həmin tədbirdə jurnalist olmayan, müxalif siyasi partiyalarda çalışan insanlar daha çox qatılmışdı. Və onlar da jurnalist kimi sual verirdilər. Niyə mənim sualıma siyasi don geyindirib “jurnalist etikasından kənar” adlandıran Rauf Arifoğlu və Arif Əliyev  və digərləri mətbuat konfransında çıxış edən, prezidentin ünvanına qərəz, şər-böhtan yağdıran Müsavat başqanının qadın müşaviri haqqında bircə kəlmə də demirlər? Görünür, onlara sərf etmir. İkinci etirazımız tamam texniki məsələ ilə bağlı idi. Tədbirdə daha çox müxalifətyönlü jurnalistlərə sual verməyə şərait yaradılırdı. Biz sual vermək üçün cəhdlər etsək də, mikrofon yalnız müxalifət jurnalistlərinə verilirdi. Belə görünürdü ki, missiya rəhbərliyi yekun bəyanatı hələ Azərbaycana gəlməmişdən qabaq hazırladıqları kimi, mətbuat konfransının ssenarisini də əvvəlcədən yazmışdılar. Bu da əksər jurnalistlərin narazılığına səbəb oldu”.

 

B. Quliyev tədbirə jurnalist kimi qatıldığını da vurğulayıb: “Mən “Səs” qəzetinin baş redaktoruyam. Mətbuata aid olan bütün məkanlarda jurnalist, baş redaktor kimi davranıram. Heç bir jurnalist etikasından kənar hərəkətlərə yol verməmişəm. Bütün davranış və addımlarımı ölçüb-biçmişəm. Müxalifətyönlü mətbuatın jurnalistləri kimi siyasi aksiyalarda iştirak etməmişəm, siyasi motivli bəyanatlar səsləndirməmişəm, asayiş keşikçiləri ilə əlbəyaxa olmamışam. Arif Əliyev bir “ekspert” kimi deyə bilərmi ki, müxalifət mətbuatının yazarı, onların yaxın dostları Şahvələd Çobanoğlu, “Azadlıq” radiosunun redaktoru Xədicə İsmayılova, həmin radionun digər əməkdaşlarının siyasi çıxışlarına niyə belə operativ şərh vermir? Niyə Xədicənin, Şahvələdin bir qrup başıpozuq gəncin qabağına düşüb siyasi aksiyalar keçirməsinə, polislərə qarşı zorakılıq əməllərinə münasibət bildirmir? Bəs onlar jurnalist deyillər? Bir sözlə adları çəkilən bu “ekspertlər”ə tövsiyəm budur ki, fikir bildirməmişdən qabaq papaqlarını qarşılarına qoyub dərindən fikirləşsinlər. Müxalifət jurnalistlərinə də məsləhətim budur ki, Azərbaycan xalqının maraqları naminə sağlam düşüncə ətrafında birləşməyi bacarsınlar. Çünki bu addım hamımız üçün, bütün xalqımız üçün çox vacibdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1248
avatar

Oxşar yazılar