Sabah “Region TV” ümumrespublika yayımına start verəcək. Telekanaldan Lent.az-a verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin doğum gününə təsadüf edən ölkənin ilk teleşəbəkəsinin açılışı Bakı vaxtı ilə saat 07:00-da baş tutacaq.
“Region TV”ni açıq - rəqəmsal yayımda Bakı və Abşeron yarımadasında izləmək mümkündür. Eyni zamanda “KTV”, “Ailə TV”, “ATV+” kabel operatorlarında telekanalın yayımı həyata keçirilir.
Yaxın günlərdə “Connect TV” və “BBTV”də də “Region TV”ni izləmək mümkün olacaq. Telekanal həmçinin, “Azersat –1” milli peyki vasitəsi ilə də yayımını həyata keçirir.
Bölgələrdə isə yayım analoq rejimində həyata keçirilir. Yaxın 2 ay ərzində “Region TV” teləşəbəkəsinə daxil olan bütün regional telekanalların yayımı rəqəmsal formata keçəcək.
”Region TV”nin kollektivi cəmi 2 ay müddətində ümumrespublika yayımını həyata keçirmək üçün bütün lazımı hazırlıq prosesini keçib və artıq açılışa tam hazırdır. Hazırlıq mərhələsini uğurla başa vuran telekanal gələcəkdə efir məkanını yeni və fərqli layihələrlə bəzəməyi də planlaşdırır.