“Quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) bu gün köçəri quşların miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start verib. DBX-dan Lent.az-a verilən məlumata görə, Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.
Nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı ehtimal olunan Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçiriləcək. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə tutulur.
Ölkə ərazisində köçəri və ev quşlarına görə başlanan monitorinqin nəticələri aprelin 18-də ictimaiyyət üçün açıqlanacaq. DBX əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitə keçirilməli, heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, eləcə də heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.
DBX xatırladır ki, köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti qadağandır.
Qeyd edirik ki, hazırda quş qripi xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.