Xəbəriniz yoxdu ki, Lent. az-da çap olunan yazılarımın fotoqrafı və redaktoru əziz xanımım Şəlalə Göytürkdü. Bu belə! Gənc dostlarımız bizə dedi ki,“Torqovıy”dakı Makdonaldsın arxasında “Yeraltı” adlanan əyləncəli bir kafe var. İynəmizi yaxamıza taxıb həmin kafeyə yollandıq. Obyektin birinci mərtəbəsində kitab satışı, ikinci mərtəbəsində isə musiqili kafe fəaliyyət göstərir. Biz ora tənqidçi dostumuz Əsəd Cahangirlə getdik. Bura həqiqətən də deyildiyi kimi çox maraqlı bir yermiş. Stol arxasında oturan kimi sifariş verməzdən əvvəl ofisant qarşımıza iri ağ vərəqlər və rəngli karandaşlar qoydu. Sonra sifarişimizi elədik. Sən demə, burada rəssamlıq qabiliyyəti olan hər bir müştərinin çəkdiyi maraqlı rəsmi divara vururlarmış. Biz də öz növbəmizdə kağızlara şəkillər cızma-qaraladıq, lakin, divardakı mükəmməl rəsmlərdən utanaraq asdırmağı arzulamadıq. Ancaq Əsəd bəy xəyalından keçən gözəl bir qadın şəkli çəkmişdi. Məni maraq bürüdü. Divardakı rəsmlərdən ən çox bəyəndiyim stol üstünə atılmış gün eynəyinin şəkli idi. Eynək və eynəyin kölgəsi. Ofsiantdan soruşdum ki, bu rəsmi kim çəkib? Dedi, həmin rəsmin və burdakı bir neçə şəklin müəllifi bax, o stolda oturan oğlandı, adı da Orxandı. Orxan Məmmədli. Şəlalə xanım və mən dərhal durub Orxanın tək oturduğu masaya gəldik. Tanış olduq, söhbətə başladıq.
- Orxan bəy, nə vaxtdan rəssamlıqla məşğulsan?
- Əslində, mən rəssam deyiləm, rəsm çəkməyi özbaşına öyrənmişəm, sənətim isə diş texnikidi.
- Nə danışırsan? Rəsmlərin professional rəssamın əsərlərini xatırladır. Sirr deyilsə, hansı bölgədənsən?
- Qəbələ rayonundanam.
- Ay qardaş, mən də Qəbələdə doğulmuşam. Atam meşə mühəndisi olub, Qəbələdə işləyəndə anam da ora köçübmüş və orada dünyaya gəlmişəm. Ancaq altı aylığımdan sonra Tovuza qayıtmışıq. Yəni pasportumda Qəbələ yazılıb. Nə isə, yerliyik, bu heç indi harada işləyirsən?
- Beşmərtəbənin yanında ASF, yəni Dental firmasında çalışıram.
- Evin varmı? Ailəlisənmi?
- Biləcəridə xalamgildə qalıram, subayam.
- Bəs sevdiyin varmı?
- Bu haqda danışmaq istəmirəm. Evlənmək haqda hələ ki, fikirləşmirəm, 25 yaşım var, yəqin hələ tezdi, imkanlı deyiləm, velosipedlə hərlənirəm.
- Əla, nə gözəl, velosipedi həmişə alqışlamışam. Səni Azərbaycanda ən çox narahat edən problem nədi?
- İnsanların mədəni davranışları. Heç olmasa yol-hərəkət qaydalarına əməl eləsinlər.
- Bizim cəmiyyətdə sıxılırsan?
- Yox, bu cəmiyyət məni sıxmır.
- Həyat fəlsəfən necədi?
- Hər günümü sonuncu gün kimi yaşayıram.
- Dinradsanmı?
- Yalnız onu deyə bilərəm ki, təkallahlığı qəbul edirəm. Ancaq nirvanaya qoşulmaq istəyirəm, qadağaları qəbul etmirəm.
- Bu dəqiqə ürəyindən hansı arzu keçir?
- Heç nə istəmirəm. Ancaq altımdakı divan yumşaq olsun, bəsimdi.
- Mütaliən necədi? Oxuyursan?
- Drayzeri, Hüqonu çox sevirəm. Müasirlərdən də Paula Koeleyə aludəyəm.
- Vicdanın rahatdırmı?
- Hər halda özümü qınamıram.
- Min manat borc almağa dostun varmı?
- Məncə var.
- Azərbaycandan getmək istərdinmi?
- Sadəcə, dünyanı velosipedlə səyahətə çıxardım.
- Fikrindən heç milyonçu olmaq keçirmi?
- Məni təmin eləyəcək qədər pul arzulardım.
- Brosletinə deşib taxdığın bu diş canavar dişinə bənzəyir.
- Yox, insan dişidi.
- Məni tanıdınmı, Murad Köhnəqalayam?
- İndən belə tanıyaram.
- Səmimiyyətinə görə çox sağ ol!
- Siz də söhbətə görə çox sağ olun. Çəkdiyim rəsmlərdən elektron poçtunuza yollayacam. Saytda versəniz məmnun olardım.
- Okey!