Azərbaycanda tutulmuş və ya həbs edilmiş şəxslərlə polisin rəftarı barədə qaydalara dəyişiklik edilir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Polis haqqında” qanunun 23-cü maddəsinin 5-ci bəndinə əlavə və dəyişiklik müzakirəyə çıxarılacaq.
Layihəyə görə, tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən dərhal sonra ona tutulduğu və ya həbsə alındığı, harada saxlanıldığı barədə yaxın qohumlarına, yaxud əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefon və digər vasitələrlə məlumat vermək imkanı yaradılmalıdır. Tutulmuş və ya həbs edilmiş şəxsin qocalığı, yetkinlik yaşına çatmaması, sağlamlıq və psixi vəziyyəti ilə bağlı hallar istisna olmaqla belə məlumatları tutulan öz təşəbbüsü ilə verməlidir. Əgər tutulmuş və ya həbs edilmiş şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycanda olan diplomatik nümayəndəliyinə, konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata bu barədə dərhal məlumat verməli və bu cür məlumatın verildiyi qeydə alınmalıdır.
Maddənin qeyd olunan bəndinin hazırda qüvvədə olan variantı isə belədir: “Tutulmuş və ya həbsə alınmış şəxsin yaxın qohumlarına, onun tələbi ilə iş və ya təhsil yerinə tutulması və ya həbsə alınması barədə təxirə salınmadan məlumat verilməlidir (qocaların, yetkinlik yaşına çatmayanların və psixi vəziyyətinə görə imkanı olmayan tutulmuş şəxslərin ailə üzvlərinə müvəqqəti saxlama yerlərinin müdiriyyəti öz təşəbbüsü ilə xəbər verir)”.
Layihə parlamentin 27 dekabr tarixli plenar iclasında müzakirəyə çıxarılacaq.