Müəssisədə bir neçə məhsulun istehsalı və satışı qadağan edilib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən “Osman Plastik Sənaye və Ticarət” MMC-də plastik və metal təmir-təsərrüfat məhsullarının istehsalı və idxalına dövlət nəzarəti həyata keçirilib.
Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən müəssisədə aparılan araşdırma zamanı müəyyən olunub ki, sinklənmiş metal materialdan künclük normativ sənəd, sinklənmiş metal materialdan tara uyğunluq sertifikatı və işçi çertyoju (cizgi), plastik kütlədən tara çertyojlar, alüminium materialından LSA tipli pilləkan, təsərrüfat şotkaları işçi cizgisi olmadan istehsal olunub.
Müəssisədə istehsal olunan təsərrüfat süpürgələrinin üzərində Türkiyənin ştrix kodu, süpürgənin dəstəyində isə İtaliyanın ştrix kodu göstərilsə də, hər iki etiketdə “Kozmo” əmtəə nişanı, istehsalçının isə “Rəmzi” firması olduğu qeyd edilib. Müəssisədə istismar olunan ölçmə vasitələrinin vəziyyətinin də qeyri-qənaətbəxş olduğu, 75 ölçmə vasitəsinin müqayisəli dövlət yoxlamasından keçirilmədiyi müəyyənləşib. Aşkar olunmuş nöqsanlarla əlaqədar inzibati protokol tərtib edilib, “Osman Plastik Sənaye və Ticarət” MMC-yə sinklənmiş metal materialdan künclük və tara istehsal etmək və satmaq qadağan olunub.