“Müəllimlərin işə qəbulunda ciddi müsabiqə vəziyyəti olacaq”
16 iyul 2014 17:43 (UTC +04:00)

“Müəllimlərin işə qəbulunda ciddi müsabiqə vəziyyəti olacaq”

“Azərbaycanda müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulunun ilkin təhlilləri göstərir ki, ölkədə 300 ibtidai sinif ixtisası üzrə vakant yerə 5000 nəfər sənəd verib.


 

 Bu da ibtidai sinif müəllimliyi ixtisası üzrə müəllimlərin işə qəbulunda çox ciddi müsabiqə şəraiti yaranacağından xəbər verir”. Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov deyib. O bildirib ki, 149 vakant ingilis dili müəllimi yerinə sənəd verənlərin sayı 2500 nəfərdən çoxdur.

 

F. Qədirov qeyd edib ki, Azərbaycan dili, ədəbiyyat, tarix, riyaziyyat fənləri üzrə vakant yerlərin sayı 200-250 olmasına baxmayaraq, sənəd verənlərin sayı 1500-2000 nəfər arasındadır: “Fənlər üzrə ən çox vakant yerlər kimya, biologiya, fizika, coğrafiya üzrə idi. Lakin ilkin təhlil göstərir ki, həmin fənlər üzrə müsabiqəyə müraciət edənlərin sayı digər fənlərə nisbətən bir qədər azdır. Bu fənlər üzrə 600-800 müəllim müraciət edib. Bakı şəhərinin bəzi məktəblərində 1 ingilis dili müəllimi yerinə 1300 nəfər, 1 ibtidai sinif müəllimi yerinə 800-1000 nəfər sənəd verib. Bu, çox ciddi rəqabət şəraitində müsabiqənin keçəcəyindən xəbər verir”.

 

Şöbə müdirinin sözlərinə görə, ayrı-ayrı fənn müəllimlərinə ehtiyac üzrə Bakı və regionlarda fərq var. Belə ki, regionlarda daha çox kimya, fizika, biologiya, coğrafiya, Azərbaycan dili və ədəbiyyat müəllimlərinə ehtiyac var. Ancaq Bakı şəhərində vəziyyətin əksinə olduğunu deyən F. Qədirov paytaxtda daha çox fiziki tərbiyə, informatika, gənclərin çağırışaqədərki hazırlığı və bu tipli fənn müəllimlərinə daha çox ehtiyac olduğunu söyləyib: “Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 2975 vakant yer çıxarılıb ki, onlardan 234-ü Bakının, qalanları digər rayonların payına düşür. Bu yerlər üzrə müsabiqəyə 17962 nəfər sənəd verib. Ərizə verənlər daha çox ibtidai sinif, ingilis dili, Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat müəllimləridir. Bu gün və sabah müraciət edən müəllimlərin ərizələrinin təsdiqi prosesi başa çatdırılacaq. İyulun 18-dən imtahan qrupları yaradılacaq, hər bir iştirakçının şəxsi səhifəsinə imtahanın keçirilmə vaxtı və yeri barədə məlumat göndəriləcək. İyulun 21-dən müsabiqənin ikinci mərhələsi olan test imtahanlarına başlanacaq. Ötən illərdən fərqli olaraq, bu il imtahan müddəti az olacaq və bu proses cəmi 1 həftə müddətində yekunlaşdırılacaq. İyulun 27-də imtahan prosesi başa çatacaq. Sonrakı bir neçə  gün ərzində isə müsahibələr təşkil ediləcək”.

 

# 1296
avatar

Oxşar yazılar