“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi tərəfindən “İslamda qadın haqları” mövzusunda tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbir iştirakçıları tərəfindən Azərbaycanın dövlət himni oxunub. Daha sonra “Qazi Qarabağ” azanı səsləndirilib.
“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli İslamda qadın haqları barədə ətraflı məlumat verib. O, Azərbaycan müsəlman qadınlarının istər ailədə, istər də cəmiyyətdə rolundan geniş söz açib.
S.Əzimbəyli bu gün Azərbaycan dövlətçiliyinin mühafizə olunmasında ölkə qadınlarının xüsusi xidmətlərindən danışıb: “Bəzi gənclərimiz radikal qüvvələrə qoşularaq Suriyada, İraqda döyüşür. Onların radikal dini qüvvələrə qoşulmasında hardasa azərbaycanlı analar da məsuliyyət daşıyır. Övladlarının namaz qılmaları ilə fəxr edən Azərbaycan qadını bir çox hallarda onların əslində radikal qüvvələrin təsirinə düşərək, dövlətinin və dininin düşməninə çevrilməsindən xəbərsiz olurlar”.
Tədbirdə mövzu ilə bağlı birliyin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Xanım Qasımova çıxış edərək azərbaycanlı qadınların dövlət-din münasibətlərində, xüsusilə dövlətçilik prinsiplərinin qorunmasında önəmli rola malik olduğunu diqqətə çatdırıb.