“İctimai iştirakçılıq haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildi
05 aprel 2013 15:31 (UTC +04:00)

“İctimai iştirakçılıq haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildi

Bu gün Milli Məclisdə “İctimai iştirakçılıq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Lent. az-ın xəbərinə görə, qanun layihəsi barədə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev məlumat verib.


A.Quliev bildirib ki, dövlət qurumları və bələdiyyələrdə vətəndaşlar tərəfindən seçilən İctimai Şuranın fəaliyyət göstərilməsi nəzərdə tutulur. İctimai Şurada fəaliyyət ictimai əsaslarla olacaq, ancaq işlədikləri yerlərdə maaşları saxlanılacaq.

 

Vitse-spiker Valeh Ələsgərov deyib ki, ikinci oxunuşda daha çox təklif və iradı olacaq: “İctimai Şuradakı fəaliyyətinə görə əmək haqqının verilməməsi, amma bu şurada könüllü iştirak edən şəxslərin iş yerinin saxlanılması, əmək haqqının verilməsi düzgün deyil. Çünki çox insan sabah bu şurada iştirak etməkdə canfəşanlıq edəcək. İş yeri qalır, pulu verilir, hətta mükafat da tələb edəcək. Düşünürəm ki, bu, qanundan çıxarılmalıdır”.


V.Ələsgərov bildirib ki, dövlətin hesabına ictimai iştirakçılıqla məşğul olmaq olmaz: “Bu ictimai qurumdur və dövlət büdcəsindən maliyyələşməsi düzgün deyil”.

Millət vəkili Qüdrət Həsənquliyev İctimai Şuranın prezident, nazir, dövlət komitəsinin sədri yanında fəaliyyət göstərməsinin qanun layihəsində yer almasını, bələdiyyədə isə İctimai Şuranın yaradılmasının  yersiz olduğunu bildirib. İctimai Şuraların dövlət siyasətinin müəyyənləşməsində iştirak etməsi barədə müddəanın isə qanun layihəsindən çıxarılmasını təklif edib. Arqument də bu olub ki, İctimai Şuraya siyasi partiya kimi dövlət idarəçiliyində iştirak edə bilməz.

Millət vəkili Tahir Rzayev isə İctimai Şura sədrinin təhsili, sədrin təkrar seçilməsi məsələsinin qanun layihəsində əksini tapmasını istəyib: “Konseptual baxımdan qanun layihəsi birinci oxunuşda qəbul edilə bilər, ancaq qanun layihəsi növbəti oxunuşlara qədər təkmilləşdirilməlidir”.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı qanun layihəsində ictimai nəzarət yox, ictimai iştirakçılıqdan söhbət getdiyini bildirib:” Buna görə də qanunun adı “İctimai iştirakçılıq haqqında” dır. Həm də Azay müəllim bu qanunun nə üçün vacib olduğunu əsaslandırdı. Ancaq bu qanunun əleyhinə olan əsaslandırmaya rast gəlmədim, təkliflər növbəti oxunuşlarda nəzərə almaq olar. Sözsüz ki, İctimai Şuranın maliyyə mənbələri barədə düşünmək lazımdır. Ancaq bütövlükdə götürdükdə bu qanun layihəsi cəmiyyətin demokratikləşməsi baxımından çox mühümdür. Belə bir qanunun Azərbaycanın qanunvericiliyinə daxil olmasına tərəfdarıq, yoxsa yox? Mən tərəfdaram”.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə ilk növbədə maliyyə məsələsinin həllini zəruri sayıb.

# 674
avatar

Oxşar yazılar