Fövqəladə Hallar Nazirliyinin (FHN) Qəbələdə yerləşən N saylı hərbi hissəsində Heydər Əliyevin 90 illiyik yubileyinə həsr edilən “Gənc xilasedici və yanğınsöndürən” adlı respublika birinciliyi və beynəlxalq turnir iyulun 7-də başa çatıb.
APA-nın məlumatına görə, FHN-in təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən yarışın bağlanış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.
Əvvəlcə qonaqlar yarışın keçirildiyi çadır düşərgəsində bütün komandaların üzvləri ilə görüş keçirərək onların geyimi, fiziki və taktiki hazırlığı, yatacağı və qidalanması üçün yaradılan şəraitlə tanış olub, xilasedici və yanğından mühafizə komandalarının fövqəladə hallara hazırlıq vəziyyəti, onların təlimləri, müxtəlif texnikalardan istifadə etmək bacarıqları ilə maraqlanıblar.
Komandalar nümunəvi olaraq yük avtomobilində və yaşayış evində baş verən yanğının söndürülməsi əməliyyatını başa vurub, qısa vaxt ərzində yanğını dəf etməklə insanları müxtəlif vasitələrin köməyi ilə xilas ediblər.
Qəbələ Mədəniyyət Mərkəzində keçirilən komandaların mükafatlandırılması mərasimində çıxış edənlər bildiriblər ki, bu yarışın əsas məqsədi yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması, sağlam həyat tərzinin təbliğidir. Yeniyetmə və gənclər bu yarış vasitəsilə fövqəladə hallar zamanı necə davranmaq qaydalarını öyrənirlər və onlarda bu sahəyə böyük maraq yaranır.
Qeyd edilib ki, ölkəmizin müxtəlif bölgələrində keçirilən zona yarışlarında yüksək yer tutan komandalar finala vəsiqə qazanıb. Bu yarışın iştirakçısı olan 18 şəhər və rayonun komandası, eləcə də Azərbaycan, Rusiya, Qazaxıstan, Polşa, Belarus və ABŞ-dan olan təmsilçilər beş mərhələdə-“Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” üzrə birincilik uğrunda mübarizə aparıb.
Beynəlxalq yarışda Azərbaycan komandası birinci, Belarus təmsilçiləri ikinci, Qazaxıstan xilasediciləri üçüncü yeri tutub.
Turnirdə Qəbələ, İsmayıllı və Zərdab komandaları müvafiq olaraq I-III yerləri tutub. Mərasimdə komandalara kubok və hədiyyələr təqdim olunub.
Tədbir konsert proqramı ilə davam etdirilib.