Femida.az Hüquq İnformasiya Portalının Redaksiya Heyətinin keçirdiyi sorğuda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Nazirlər Kabinetinin strukturuna daxil olan qurumlar arasında “Nazirlər Kabinetinin strukturları arasında ən fəal facebook səhifəsinə malik dövlət qurumu” adını qazanıb. Bu münasibətlə Dövlət Agentliyi portalın müvafiq diplomuna layiq görülüb.
Mayın 17-də Femida.az portalının baş redaktoru Pərvin Abbasov qalib qurumun diplomunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Azad Cəfərliyə təqdim edib.
Qeyd edək ki, Femida.az Hüquq İnformasiya Portalının Redaksiya Heyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinə daxil olan qurumların facebook səhifələri ilə bağlı monitorinq aparıb. Nəticələrə əsasən məlum olub ki, Nazirlər Kabinetinin strukturuna daxil olan 44 dövlət qurumundan təxminən yarısının facebook səhifəsi var. Bunlar Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Mülki Aviasiya Administrasiyası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətidir.
Lakin bu qurumlara aid olduğu görüntüsü yaradılan facebook səhifələrinin heç də hamısı həmin təşkilatların rəsmi facebook səhifəsi deyil. Belə ki, dövlət qurumlarının heç də hamısının saytında rəsmi facebook səhifəsinə keçid verilməyib. Bu da facebook səhifələrinin həmin qurumların rəsmi facebook səhifəsi olub-olmamasına şübhə yaradır.
Müdafiə Nazirliyinin qeyri-rəsmi səhifəsi kimi təqdim edilən bir facebook səhifəsində isə uyğunsuz, əsasən böhtan xarakterli materiallar yerləşdirilib.
Monitorinq nəticəsində Nazirlər Kabinetinin strukturuna daxil olan bəzi dövlət qurumlarının həddindən artıq az təbliğ edildiyi məlum olub (məsələn Sənaye və Energetika Nazirliyinin facebook səhifəsini isə 73 nəfər, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq səhifəsini isə cəmi 4 nəfər bəyənib).
Monitorinqin yekununda, ən fəal facebook səhifəsinə malik dövlət qurumu seçilib. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Nazirlər Kabinetinin strukturuna daxil olan qurumlar arasında “Nazirlər Kabinetinin strukturları arasında ən fəal facebook səhifəsinə malik dövlət qurumu” adını qazanıb. Bu qurumun facebook.com/www.asan.gov.az rəsmi səhifəsini 39 minə yaxın facebook istifadəçisi bəyənib, həmçinin səhifədə vətəndaşların ən müxtəlif sualları operativ şəkildə cavablandırılır.