“Bəzəmişik, bəzəmişik yolkamızı”
23 dekabr 2013 11:36 (UTC +04:00)

“Bəzəmişik, bəzəmişik yolkamızı”

Yaxşı bildiyimiz bu mahnını bu dəfə rəssamlar, heykəltəraşlar oxuyurdu. Özü də Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda. Yəqin bilirsiz, Heydər Əliyev Mərkəzi “Küknar” Beynəlxalq İncəsənət Müsabiqəsinə start verib. Müsabiqə çərçivəsində 2014-cü ilin tam fərqli tərtibatda bəzədilmiş Yeni il ağacları təqdim edilir.

 

Mən yolka bəzəməyin, onun nazıyla oynamağın əleyhinəyəm. Sadə bir səbəbdən – yolka ağacdır, ağac torpağa əkilər, bizim isə torpağımız yoxdur. Yalandan bir oyuncağı dar evə yerləşdirib, özüm – özümü aldatmağı sevmirəm. Həmişə düşünmüşəm ki, əgər bu yolka qurulması belə vacibdirsə, bunun nə isə bir alternativi də olmalıdır. Elə sırf bu “alternativi” görmək üçün parkda nümayiş olunan yolkalara baxmağa gedirəm.

 

Parka girər - girməz çox əndirəbadi bir güzgüyə rast gəlib, özümü qaydaya salıram. Sonra küknarlara baxmaqla davam edirəm. Elə ilk baxdığım küknardan anlayıram ki, mənim güzgü bildiyim o qarmaqarışıq “nə isə” küknar imiş. Kim nə deyir desin, yolka belə olmalıdır, nəyəsə oxşamaya bilər, amma nəyəsə yaramalıdır.

 

Müəlliflər çox uzaqgörən tərpəniblər. Müsabiqənin martın 1-ə qədər davam edəcəyini nəzərə alıb iki bayramı bir-birinə qatıblar. Bəzi küknarlar həm də baharın gəlişindən xəbər verir. Nə bilim, bəlkə də 2014-cü il ömrümüzə bahar kimi gələcək… Kim istəməz?

 

Gənclər xatırlamaz, hardasa bir on il əvvələ qədər rayondan Bakıya gələn yollarda əzik – üzük, rəngi getmiş, paslı, amma ayağını yerdən üzməmiş dəmirlər olurdu. Görünürdü ki, bu dəmirlərin başına çox hadisə gəlsə də, kökləri çox dərinlərdədir. Nə olduğunu soruşanda deyirdilər “Bəs bu sovet vaxtı filan hadisə şərəfinə ucaldılıb…”

 

 

...Doğrudan da, insan fantaziyası sərhədsizdir, yetər ki, ona balaca bir yer, əlinə də bir bel ver. Gör sənin üçün nə xəyallar yaradır, nə küknarlar qurur!

 

Məsələn, 3 saylı küknar. Bildiyimiz küknardan çox fərqli idi. Sarı dəmir “budaq”lara bərkidilmiş velosiped çarxları. Mən bu küknarı evimdə məmnuniyyətlə quraşdırıb, 2014-cü ildə ömrümüzü yeyib bitirən tıxacların sonunun gəlməsini istəyərəm! Benzinin qiyməti qalxıb deyərək durmadan deyinincə, avtomobildən imtina edib, velosipedə keçməkdə nə ziyan var? Pulunuzun cibinizdə qalması bir tərəfə, canınız da sağ olacaq! Yeni ildən başqa nə istəmək olar ki? Pul və sağlamlıq! Bu ikisi olandan sonra həll olunmayacaq arzu yoxdur!

 

P.S. On səkkiz tanınmış və gənc heykəltəraşların iştirak elədiyi müsabiqədə yerlər tamaşaçı səsverməsinə görə müəyyən olundu. Səsverməyə görə küknarlar nömrələnmişdi, müəlliflərin adı açıqlanmırdı. Cəmi iki küknarda müəllif adı var idi, onun da biri mükafat alanlar arasında idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1219
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar