“Bakıelektrikşəbəkə” ASC abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmaları istiqamətində yenidənqurma işlərini davam etdirir. Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Görülən işlər nəticəsində şəbəkənin gücü günü-gündən artırılır, yarana biləcək problemlərin dərhal aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülür. Bütün bunlara baxmayaraq bəzi abonentlər istifadə etdikləri elektrik enerjisi haqlarını vaxtlı vaxtında ödəmirlər.
“Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı martın 14-də saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Borcunu yuxarıda qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcək. Bayram və istirahət günlərində abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur.
Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytı (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir.