“Azercell” “Bakcell”ə cavab verdi
13 fevral 2013 18:51 (UTC +04:00)

“Azercell” “Bakcell”ə cavab verdi

“Azercell” “Bakcell” ilə məhkəmə işinə dair açıqlama yayıb.

 

Lent.az-ın verdiyi məlumata görə, “Azercell” hər zaman öz brendi və fəaliyyətində Azərbaycanın adını qürurla daşıyıb.

 

Açıqlamada qeyd olunur ki, “Azercell”in Azərbaycan bazarına gəlməsindən öncə burada öz yüksək qiymətləri və tariflərini abunəçilərə diktə edən yalnız bir mobil operator olub və məhz “Azercell”in fəaliyyətə başlaması və müştərilərə keyfiyyətli xidmət təmin etməsi nəticəsində qiymətlər aşağı düşüb. Bu gün “Azercell” milyonların seçimidir və hazırda Azərbaycan əhalisinin yarısından çoxu bizi keyfiyyətimizə və həyatlarına dəyər qatan xidmətlərimizə görə seçir. Aldığı dəyər və keyfiyyət əsasında müştəri özü hansı xidmətdən faydalanacağına qərar verir: “Məhz müştərilər “Azercell”i bazarda lider mövqeyinə gətiriblər. “Azercell” Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicisidir. Biz hər il sərmayələrə, sponsorluğa və sosial məsuliyyət layihələrinə yüzlərlə milyon manat xərcləyirik. Bunlar hamısı onun üçün edilir ki, Azərbaycanın inkişaf və tərəqqisinin bir hissəsi ola bilək. Biz Azərbaycan şirkəti olmaqdan qürur duyuruq və hər zaman etdiyimiz kimi, bundan sonra da Azərbaycan qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərəcəyik”.


“Azercell” “Bakcell” şirkəti tərəflərin qarşılıqlı iradə ifadəsi ilə imzalanmış müqavilənin məhkəmə yolu ilə dəyişdirilməsini tələb etdiyini bildirir. Bunun da nəticəsində həmin müqaviləyə uyğun olaraq imzalanmış aktlar əsasında 2009-2011-ci illər arasındakı 2 il müddətində “Bakcell” “Azercell”ə ödəmiş olduğu məbləğin 15 milyon manatlıq hissəsinin geri ödənilməsi iddiasını qaldırıb. Tələbinin əsası kimi isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) 3 aprel 2009-cu il tarixli Əmri ilə təsdiq edilmiş arabağlantı qaydasında müəyyən edilmiş arabağlantı tarifi əsas götürülüb.

 

“Azercell” “Bakcell”in iddiasına etirazının səbəblərini açıqlayıb: “Dövlət tərəfindən tariflərin müəyyən edilməsi səlahiyyəti Azərbaycan Respublikası Prezidentinin 341 saylı 26 dekabr 2005-ci il tarixli Fərmanı ilə Tarif (qiymət) Şurasına həvalə edilib. Dövlət tərəfindən tənzimlənən qiymətlər isə Nazirlər Kabinetinin “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda əks edilib. Arabağlantı tariflərinin həmin siyahıda əks edilməməsinə və dövlət tərəfindən tarif müəyyən etmə hüququnun  Tarif (qiymət) Şurasına məxsus olmasına baxmayaraq, RİTN arabağlantı tariflərini müəyyən edib. Bu da “Azercell Telekom MMM” BM-nin nizamnamə fondundakı dövlət payının özəlləşdirilməsi ilə əlaqədar Azərbaycan höküməti ilə bağlanmış müqaviləyə əsasən götürülmüş öhdəliklər ilə zidiyyət təşkil edir. Bu səbəblərdən də biz həmin tarifə etiraz etmişik. İkinci, “Azercell”in yaradılması ilə əlaqədar 1996-cı ildə 20 illik investisiya müqaviləsi bağlanmışdır. “İnvestisiya fəaliyyəti haqqında” qanunun tələbinə görə sonrakı qanunvericilik investisiya mühitini pisləşdirdikdə investisiya müqaviləsində nəzərdə tutulan müddətdə investisiyanın qoyulduğu zaman qüvvədə olmuş qanunvericilik tətbiq edilir. Arabağlantı tarifləri əvvəllər dövlət tərəfindən tənzimlənmədiyi üçün RİTN-in qəbul etdiyi tariflər tam qanuni olsaydı belə, “Azecell”ə tətbiq edilə bilməz. Üçüncü, Mülki Məcəllənin 390.2 maddəsinin tələbinə görə, əgər müqavilə bağlandıqdan sonra fərqli qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır. Yalnız o hallar istisna hesab edilir ki, qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrə şamil olunması qeyd edilsin. RİTN-in qəbul etdiyi arabağlantı qaydasında isə onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrə şamil olunması müəyyənləşdirilməyib”.
 

“Azercell”in açıqlamasında o da qeyd edilib ki, Mülki Məcəllənin 424.4-cü maddəsinin şərtinə görə əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər: “Bütün yuxarıda sadalanan və sadalanmayan, lakin məhkəmələrə təqdim etdiyimiz etirazlarda, apelyasiya və kasasiya şikayətlərimizdə əks edilən təkzibedilməz qanunvericilik normalarına və əsaslara baxmayaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi “Bakcell”in iddiasını tam təmin edən qətnamə qəbul edib, Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə isə həmin qətnaməni dəyişdirmədən qüvvədə saxlayıb. Məsələyə dair haqlı mövqedə olduğumuza inamdan irəli gələrək bu iş üzrə qəbul edilmiş məhkəmə qərarlarının ləğvi istiqamətində, ölkə qanunvericiliyinin və dövlətimizin qoşulduğu beynəlxalq müqavilələrin bizə verdiyi hüquqlardan yararlanaraq müvafiq addımlar atmaq niyyətindəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2724
avatar

Oxşar yazılar