Ulu nənəm Gülşah 12 yaşında ərə verilib. Milliyyətcə ərəb olan, qırx yaşlı bir kişiyə. On üç yaşında nənəmi dünyaya gətirib. On dörd yaşında isə özünün təbirilə desəm, Allah bir yaxşı iş görüb, ərini qaçaqlar öldürüblər. Ona görə belə deyirdi ki, hər gün döyülüb söyülürmüş. Səbəb, gəlinciyindən heç cürə əl çəkə bilməməsi olub...
Çox gözəl olub. O üzdən qardaşları belə gözəlliyin, bir də onun körpə balasının dərdini uzun zaman çəkə bilməyiblər. Onu bir əlində gəlincik, bir əlində körpəsi, zorla ikinci dəfə ərə veriblər. Budəfəki ərinin əlli yaşı var imiş. Gülşah nənənin bir əli tam bükülmürdü. Deyirdi ki, ikinci ərinin birinci arvadı kişinin köynəyini yandırıb suçu onun boynuna atıb. Uşaqları da günüsünün dediyinə şahidlik ediblər. Kişi köz ütüsünü onun ovcuna basıb...
***
Uzun müddətdir tanıdığım başqa bir qadın. Dəhşətli qəzada ağır bədən xəsarətləri səbəbindən illərlə yataq xəstəsi olan ərə qulluq edən bir qadın. Günlərin birində ayaqyoluna belə müstəqil gedə bilməyən əri onun üçün həyatını xərcləyən bir qadını heçə sayıb, cinsi tələbatını ödəmək üçün dostlarından yaşadığı evə fahişə gətirmələrini istəyir. O qadın əri və fahişə üçün yatağı salır da, sonra ağlaya-ağlaya yığır da. Hələ tanrıya dua da eləyir ki, kişilər üçün son dərəcə vacib olan bu “imtahandan” əri o fahişə ilə üzüağ çıxsın. Ər üzüağ çıxmağına çıxır. Amma kimsə bu qadından bir üzr belə istəmir. “Sağ ol” belə demir. Niyə? Çünki bir ömürlük cavabdehlik və məsuliyyəti üstünə alan adamlar hamı üçün vəzifə borcu icraçısından başqa bir şey deyil...
***
Uzun illərdən sonra ərinin bacısı ilə sevgili olmasını ortaya çıxaran başqa bir qadın. Əlində balası kimi böyütdüyü bacı, öz övladı, xəyanət edən, uzun illər onun həyatını bilə-bilə cəhənnəmə çevirən ər, qohumlar, ətrafdakı insanlar, dostlar, tanışlar, düşmənlər, valideynlər. Ər, bacı və özündən başqa kimsə bir şey bilmir amma. Bu qadın əsirlikdədir, susur. “Kimsə bilməsin uşağımın adı ləkələnər” deyir. Atam, anam ölər, böyük faciələr yaşanar düşünür. O üzdən susur. Susur ki, bəlkə eşidən oldu. Bəlkə Allah göydən enib gəldi, qorxma dedi ona. Çünki o, indi bacısından və ərindən ayrılmır. O, bacısının sevgilisindən ayrılmalıdır...
***
Bütün bunlar bu yaşıma qədər nənəmdən, ulu nənəmdən, anamdan, bibimdən, xalamdan, dayı arvadından, əmidostudan, bacıdan, qayın arvadından, baldızdan, qayınanadan, rəfiqədən, anamın xalasından, onun qızlarından, onların da qayınanalarından eşitdim. Çoxunu da özüm gördüm. Çoxdur belə olaylar, lap çox. Və indi deyəcəyimin içində heç bir aqressiya, kin, feminizm filan yoxdur. Sadəcə istəyirəm hamının bildiyi, amma heç kimi, heç kişilərin də özlərinə etiraf eləmədiyi bir şeyi deyim: Müsəlman kişilər həmişə arvad “yeyib”lər. Amma mənəvi baxımdan. İndi illər uzunu arvad yeməkdən üzündə nə nur, nə işıq qalan bir ərəb şeyxi deyib ki, xüsusilə ac olsanız arvadınızı da yeyə bilərsiniz. Yəni uzun illər mənən elədiyinizi bir də fiziki baxımdan etməyi tövsiyə edib. Halal olsun o şeyxə! Kişi kimi etiraf, kişi kimi də təklifdir...
Amma bəri başdan deyim ki, mənən əzilən bütün qadınlar uzun illər soyuducularda dondurulmuş ət kimi dadar. Mütləq ağzınızın dadı qaçacaq, KİŞİLƏR!..