“Altı ay yaşadıq, bəs deyil, arvad?..” - ARAŞDIRMA
20 may 2013 17:13 (UTC +04:00)

“Altı ay yaşadıq, bəs deyil, arvad?..” - ARAŞDIRMA

Bu dünyada insanların məşğul olduğu onlarla, yüzlərlə peşə, ixtisas var, yalnız onlardan

 

 

 biri hamı üçün vahid universal, eyni zamanda ən mürəkkəb və  nəcib işdir ki, bütün ailələrə xas olsa da  özünəməxsus təkraredilməz cəhətlərə malikdir, bu insanın yaradılmasıdır... Bu işin fərq­ləndirici cəhəti ondan ibarətdir ki, insan onda  heç nə ilə müqayisəedilməz dərəcədə öz misilsiz xoş­­­bəxtliyini tapır. Tərbiyə adlanan bu işin hər anı gələcəyə baxışı formalaşdırır, gələcəyi yara­dır. Xalqın inkişaf perspektivləri onun ailə məişətində qəbul olunan adətlərdən çox asılıdır, möh­kəm və əsaslı tərbiyə inkişaf prosesində ilk bünövrədir və ictimai-iqtisadi-mənəvi amillərin əsasında müəyyənləşdirilir.

           Həyatda hər şeyin başlanğıcı ailədir. İnsanın psixi və fiziki sağlamlığı da ailə mühiti ilə sıx­ bağlıdır. Cəmiyyətin ictimai təşkili formalarından biri olan ailə mövcud istehsalın və icti­mai­­-iqtisadi münasibətlərin təsiri altında təbii olaraq dəyişməyə məruz qalsa da müəyyən mənada sabit qalan, bütün dövrlər üçün öz əhəmiyyətini, təsir gücünü saxlayan xüsusiyyətlərə malikdir.

         Cəmiyyətin ictimai strukturunda ailə münasibətləri xüsusi yer tutur. Ailə və onunla bağlı münasibətlər ictimai həyatın olduqca mürəkkəb hadisələrindən biridir ki, bunun da iqtisadi, təbii, bioloji, sosial-psixoloji və mənəvi aspektləri var. Ailənin inkişafı və taleyi bütünlüklə cə­miy­yətin inkişafı və taleyindən ayrılmazdır. Digər tərəfdən, ailə özü də cəmiyyət həyatına bö­yük təsir göstərir. Ailə mövcud ictimai quruluşun göstəricisidir və onun inkişaf səviyyəsini əks etdirir. Cəmiyyətdə baş verən ictimai, iqtisadi və eləcə də mənəvi münasibətlərin nəticələri, həm də ailənin varlığına, inkişafına, mədəni səviyyəsinə və eləcə də mənəvi dünyasına öz təsirini göstərir. Buna görə də ailə-məişət problemləri mövcud ictimai-iqtisadi-mənəvi münasibətlərdən çox asılıdır.

           Ailə ən qədim sosial institut olaraq, dindən, dövlətdən, ordudan, elmdən, hətta, bazar mü­nasibətlərindən əvvəl meydana gəlib. Mənəvi-emosional hisslər əsasında birləşmiş insanların ümumi maraqlarını ifadə edən bu institut, eyni zamanda, sağlam cəmiyyətin və güclü dövlətin təməlini təşkil edir. Ailədə şəxsi maraqların tənzimlənməsi və nizamlanması cəmiyyət tərəfindən qəbul edilmiş əsas sosial dəyərlər, normalar çərçivəsində baş verir. Bu prosesin yekun nəticəsi olaraq, ailə cəmiyyət üçün davranış və konkret sosial xarakter daşıyan, düşüncəsi ilə yararlı olan insanlar yetişdirir.

 Ailə canlı, daim dəyişən bir sistemdir. Cəmiyyət dəyişdikcə onunla birlikdə ailə də dəyişir. Müasir demokratikləşmə prosesinin nəticəsi olan bugünkü ailə keçən əsrin əvvəllərindəki ailə tiplərindən, sosial-demoqrafik, sosial-mədəni xüsusiyyətlərinə, psixoloji prob­lemlərinə görə əsaslı şəkildə fərqlənir. Belə ki, patriarxal qanunlar əsasında idarə olunan ailələrdə hər bir ailə üzvü üzərində atanın mövqeyi əsas idi. Bu ailələrdə kişi sahib, söz yiyəsi, evin böyüyü, uşaqların atası idi. Onun göstərişləri ailənin hər bir üzvü tərəfindən qanun səviyyəsində qəbul olunurdu. Ona görə ki, ailənin var-yoxu ona məxsus idi və hər bir ailə üzvü üçün məhz o, cavabdehlik daşıyırdı. Bu gün cəmiyyətdə və ailədə qarşılıqlı münasibətlər problemli məsələdir. Ata əvvəlki mövqedə dayanmır, əvvəlki kimi məsuliyyət daşımır. Elə uşaqlar da əvvəlki kimi valideyn sözünə baxan deyil və valideyn nəzarəti qeyri-mümkün olur, təsir etmə, qadağalar demək olar ki, effektli olmur, bəzən mürəkkəb münasibətlər dramatik həddə çatır. Dövlət səviyyəsində təhsilə, ailəyə qayğı, işsizliyin aradan qaldırılması, məşğulluq, mənzil təminatı və s. problemlərin həllinə dair tədbirlər həyata keçirilməsinə rəğmən ailə səadətinə mane olan amillər hələ  tam aradan qaldırılmayıb.

Ailələrin dağılması ən ciddi sosial problemdir. Əhalinin hər min nəfərinə 9.7  nikah, 1.2 isə boşanma düşür. 2011 ildə şəhər yerləri üzrə 45494 nikah bağlanıbsa, digər tərəfdən 7931 nikah pozulub. Kənd yerləri üzrə 42651 nikah bağlanıb, 2816-sı boşanıb. 2010-cu ildə boşananların sayı 19061, 2011-ci ildə 88145 olub, 2012-ci ildə 10747-ni ötüb.

Mövzu ilə bağlı fikrini öyrəndiyim bir çox müsahibimin düşüncələri eynilik təşkil etsə də aktuallığı ilə seçilənlər də oldu. Adlarını yer baxımından ixtisar edərək, fikirlərini çatdırmaqla rəsmi mənbələrdən əldə etdiyim məlumatlarla paylaşmağımda bir fayda olacağına ümid edirəm.

...“Boşanmaların sayının çoxalması məhz maddi çətinliklərlə, işsizliklə əlaqəlidir. Qadın özü işləyib, özü qazanırsa, ailənin ehtiyaclarını ödəməyən kişini qadın niyə saxlamalıdır?! Qazancı olmayan adamın sözü də keçmir” - deyən müsahiblərimin fikrində nə dərəcədə haqlı olduqlarını müəyyən etmək istədim. 2012 ilin əvvəlində ölkəmizdə işsizlik statusu alanlardan 16479 nəfəri qa­­dın, 21851 nəfəri kişi olmuşdur. Şübhəsiz ki, ailələrin üzləşdiyi maddi çətinliklər danıl­mazdır. Lakin onu da gördüm ki, ən ağır müharibə illərində hər an ölümlə üzləşən adamlar ye­nə sevgidən, ailə arzusundan vaz keçməmişlər. Təbii ki, boşanma halları da yox deyildi. 1945 il­­də nikahların sayı 15766 idisə, 310 boşanma, 1950 ildə 23862 nikaha qarşı 883 boşanma qeydə alınmışdır. Müasir dövrdə yüksək inkişaf göstəricilərin fonunda 2011 ildə 88145 nikaha qarşı 10747 boşanma faktının qeydə alınması ciddi siqnaldır. Ötən il ölkədə nikaha daxil olanların 79% gənclər təşkil etmişdir. Boşananlar arasında gənclərin xüsusi çəkisi 25% təşkil edir.

Bəs bu dərinləşən problemin səbəbi nədir? Sorğu-suallardan anlaşılan bu oldu ki, ailə tək­cə məhəbbət və kamillik deyil, eyni zamanda məsuliyyət və qayğı sayəsində yaşayır. Ailə bütövlüyü  üçün  tərəflərin dünyagörüşlərinin birliyi zəruridir. Azərbaycanda hər 100 təhsil alana 48 qadın və 52 kişi düşür. Ailədə ərin və arvadın  xəstəliyi nəticəsində uşaq doğulmaması və cinsi həyatın qeyri-mümkünlüyü də ixtilaflar törədir. Bəs nə etməli?

         Belə deyirlər: ...”Ailə həyatının qızıl qaydası dözümdür. Sevgi ömür boyu davam edə bilməz və uşaqların xatirinə qaynananın tənbehinə də, ərin söyməsinə də, döyməsinə də, sərxoşluğuna da dözmək lazımdır”.

          O da bəlli oldu ki, nə dözmək, nə də boşanmaq çıxış yolu deyil. Vəziyyət getdikcə başqa çalarlar alır və heç də ürəkaçan deyil.  

         ...” Boşanmaqla boşanmamaq arasında bəzən heç fərq olmur. Nikah olsa da hərə öz evində ayrı yaşayır”.  ...”Ailə-nikah məsələlərində son illər daha qabarıq şəkildə müşahidə edilən neqativ ənənənin yaranmasını görürük və nədənsə bunu görməzlikdən gəlirik. Qeyri-rəsmi nikah münasibətləri, çoxarvadlılıq bir norma halını alıb.”

Deyilənlər günümüzün reallıqlarıdır. Düzdür çoxarvadlılıq haqqında statistik məlumat əldə edə bilmədim. Lakin, bu da faktdır ki, rəsmi qeydə alınmamış nikahda olan  qadınlar tərəfindən doğulan uşaqların sayı ilbəil artır. 2011-ci ildə 30983 nəfər olmuşdur- şəhərdə 12970 nəfər, kənd yerlərində isə 18013 nəfər. Yəqin hər kəs üçün ilbəil artan bu göstəricilərin 66 rayon, 77 şəhər, 13 şəhər rayonu, 257 qəsəbə, 1719 kənd ərazi dairələri, 4260 kənd yaşayış məntəqəsi olan Azərbaycanın hansı ərazisinə təsadüf etməsi maraqlıdır. Ən çox nikahsız doğulan uşaqların sayı Sabirabad (2628), Cəlilabad (2508), Masallı (1511), Lənkəran (1410), İmişli (1109), Quba (1052), Saatlı (794), Xaçmaz (748), Goranboy (608), Sumqayıt 608 nəfər olmuşdur. Heyrət içində axtarmağa başladım ki, görəsən nikaha dəyər verən varmı? Aydın oldu ki, xoşbəxt başlanğıca imza atanlar da varmış... Masallı rayonunda 2228 nikah rəsmiləşdirilib, 136 boşanma var. Cəlilabadda 1963 nikah, 82 boşanma; Sabirabadda 1964 nikah, 86 boşanma; Saatlıda 1232 nikah 58 boşanma var.

            Bütün  nikahlara rəğmən bir qayda  olaraq  hər kəs özü üçün  xoş olan, dövlət üçün də faydalı olan nikaha daxil olmalıdır. Çünki nikahın olmaması, ailələrin dağılması  uşaqların  taleyinə mənfi təsir edir. Bu proseslər bir sıra xoşagəlməz hadisələrə yol açır. DİN mə­lu­mat­larına əsasən, 2011 ildə 18612 nəfər cinayət törətmiş şəxs aşkar olunmuş, onların da 7351 nəfəri (40% ) 14-29 yaşlı gənclərdir.

..”Bu halların geniş vüsət almasının səbəbi kişilərin sayının azlığı ilə bağlıdır. Hər bir qadının ana olmaq haqqı var”. Rəsmi statistikaya görə 9235.1 nəfər Azərbaycan əhalisinin 4583.5 (49,6 %) kişi, 4651.6 (50,4%) qadındır. 4888,7 (52,9% ) şəhər, 4346,4 (47,1%) kənd yerlərində yaşayır.  Hər min nəfər kişiyə 1017 qadın düşür. XX əsrin birinci yarısında ölkədə kişilərin sayı qadınlara nisbətən çox olmuşdur. Lakin baş vermiş repressiya və İkinci Dünya müharibəsi illərində kişilərin çoxsaylı tələfatı nəticəsində  əsrin ikinci yarısından bu göstərici  qadınlar arasında üstünlük təşkil edir. Son 40 ildə kişi və qadınlar arasında fərqin nisbətən azalması müşahidə olunsa da Qarabağ müharibəsi, kişilər arasında xəstəliyə görə ölüm səviyyəsinin  daha yüksək olması 20 və yuxarı yaşda olan  qadınların  sayının  kişilərə qarşı artmasına səbəb olub. Bütövlükdə oğlan uşaqlarının ölümü də qız uşaqlarına nisbətən daha yük­səkdir. Ölkə əhalisinin 2,8 milyon nəfərini (30%) gənclər təşkil edir. Gənclərin 52,1 % şəhər yer­lərində, 47,9 % isə kənd yerlərində yaşayır. Gənclərin 49,6% qadınlar təşkil edir...

 Son illər cəmiyyətdə erkən nikaha daxilolmanı pisləsələr də fikrini öyrəndiyim insanların əksəriyyəti buna heç də pis baxmadıqlarını söylədilər:

...“Ata-ananın məsləhəti ilə evlənən cütlüklər daha davamlı şəkildə birgə yaşayırlar”.

...”18 yaşında gənclər iradəsindən asılı olmadan mühitə sözsüz alışa bilir, tərəflər “mənəm-mənəm” iddiası ilə rəftar etməyə qalxmırlar”.

...“Erkən yaşda evlənənlərin ailəsi daha möhkəm olur, çünki onlar qoyulan tələblər çərçivəsində yaşamağa alışırlar. Yaş itaətkar olan dövrə təsadüf olur, tərəflər iddialı olmur.

...”Əvvəllər evlənən kişi qadından 15 yaş  böyük idisə, indi qadın kişidən böyükdür”.

 “...Hətta qarşılıqlı məhəbbət əsasında qurulmuş ailələrdə belə sonralar anlaşılmazlıqlar, uğursuzluqlar müşahidə edilir”.

 Məlum oldu ki, 10747 boşanma hallarında 18 yaşlı 3 nəfər, 20-24 yaşında 542 nəfər, 25-29 ­­yaşında 2092 , 35-39 yaşında 2472 , 35-39 yaşında 1818, 40-44 yaşında 1489 , 45-49 yaşında 997, 50-54 yaşında 755, 55-59 yaşında isə 313 nəfər olmuşdur.

          Maraq və diskussiya doğuran bir məsələ də var. Dəyərli bildiyimiz ailə həyatında öncə nikah olmalıdır, yoxsa ailə? Hansı öndə durur? Araşdırmalar göstərdi ki, nikah və ailə eyni şey deyil. Paralel işlənsə də, ilk baxışdan  oxşarlıq təəssüratı yaratsa da daha çox çarpazlaşan anlayışdır. Ailə nikahsız, nikah da ailə olmadan mövcud ola bilir...

           Hazırda ailə mövzusu sonadək tam öyrənilməyib, öyrənilə də bilməz, çünki ailə mü­na­si­bət­ləri, problemlər, ailənin funksiyaları ölkədəki sosial vəziyyətdən, cəmiyyət qarşısında qoyu­lan başlıca məqsədlərdən irəli gələrək dəyişir. Lakin bütün dövrlərdə yekdil səslənən fikir bu olub ki, ailə cəmiyyətin stabilliyini təmin edən və hər nəsildə sayı artırmaqla yanaşı, cəmiy­yətin inkişafına və tərəqqisinə xidmət edən əsas fundamental institutdur. Ailənin təməli nə qə­dər möhkəm olsa, cəmiyyətdə sosial problemlər, cinayətkarlıq və s. mənfi halların sayı bir o qə­dər az olar. Ailədaxili münasibətlər bir damın altında, bir neçə adamın ünsiyyəti çərçivəsində baş­ verməsinə baxmayaraq, burada formalaşmış fikir, dünyagörüşü tək ailə üzvlərinə deyil, bütöv cəmiyyətə  zərər və ya xeyir gətirə bilmək qüvvəsinə malikdir.

            Nəzərə alsaq ki, doğulanda gözlənilən ömür uzunluğu kişilərdə 70,9  qadınlarda 76,2 yaş­dır, düşünürəm ki, hər günün qiymətini bilməliyik. Ömrümüzü üzən sarsıntılar pul­suz­luq­dur­sa maaşların, pensiyaların artırılması zəruridir. Sosial institutlar qadının cəmiyyətdəki fəaliy­yətini qabardıb inkişaf səviyyəsi kimi göstərməkdənsə, ən əsası ailə-nikah mü­na­si­bət­lərindəki problemlərin aradan qaldırılmasına nail olmalı, vəziyyətdə bir dönüş yaratmalıdırlar ki, səhvlər nəsildən-nəslə ötürülməsin. Bir həqiqət də var ki, hər nə qədər qadın müstəqil olsa da, əli pul tanısa da kişiyə ehtiyacı sonsuzdur. Kişilərin kişi kimi əvvəlki mövqedə dayanması zamanın hökmüdür. Rəqəmlər də göstərir ki, ritorika ilə iş keçmir.

                

Səidə Bahadur qızı Hüseynova

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1608
avatar

Oxşar yazılar