Azərbaycanın müasir ədəbi-bədii tarixində yenicə nəşr olunan Sona Vəliyevanın “İşıqlı yol” epopeyası Həsən Bəy Zərdabiyə həsr olunan möhtəşəm abidədir. Abidələr tək daş, qranit olmur ki, yazılı da olur.
Hörmətli Sona xanım! Sizə belə bir sorgu ilə sorum : “Ürəyinizdə yağ” qaldımı... Siz axı bu “İşıqlı Yol”da Böyük Azərbaycanımızın Böyük Tarixini vermisiniz... Mənəvi saflığımız, dinimiz, adət-ənənəmiz, həyat tərzimiz, məişətimiz, günümüz-güzəranımız, mədəniliyimiz, davranışımız, bir sözlə Azərbaycançılığımız əsərdə qırmızı xətlə keçir. Mən Şirvanlı olsam da, Siz Kür çayını, onun sahillərini elə xarakterizə etmisiniz ki, sanki elə orada böyümüsünüz. Əsərdə ön planda Həsən Bəy Zərdabi şəxsiyyəti əks olunsa da, onun timsalında maarifpərvər bəylik tariximiz, mətbuat tariximiz, dövrün xüsusiyyətləri fonunda elə əks olunub ki, sanki o dövrü real yaşamısınız... Düşünürəm, sizə necə müraciət edim: yazıçı, şairə, publisist, ictimaiyyətçi alim... Və nəhayət, ürəyinizin qanı ilə qələmə aldığınız Azərbaycan Qadın Tarixinin işığı olan Hənifə xanım Məlikova Varisi... Həsən Bəy Zərdabi davamçısı... və “Kaspi”nin bu gün yeni “Kaspi” işığı...
Zaman başqa zaman idi... Azərbaycan hələ cəhalət, mövhumat zəmanəsində idi... elə bu zəmanədə Sona xanım baxışı ilə desək, “istinin tüğyan etdiyi Bakıdan uzaq Zərdabda bir işıq” yanırdı... bu işıq sonradan nəinki Azərbaycanın, həm də Şərqin oyanış çırağı olacaq Məlikovlar: Həsən Bəy və Hənifə xanım ...
Deməzdim ki, Həsən bəy Zərdabi haqqında yazılmayıb... Yazılıb... elmi monoqrafiyalar, dissertasiyalar, məqalələr və s. lakin ilk dəfədir ki, Azərbaycanın bu Böyük mütəfəkkiri haqqında belə geniş həcmli Roman, hətta deyərdim ssenari – epopeya yazılır. Sona Vəliyeva yaradıcılığı orta nəsil nümayəndələrinə yaxşı bəllidir. Özü ixtisasca filoloq, Azərbaycançılıq ideologiyası sahəsində kitablar müəllifi, multukultural ənənələrin təhlilini aparan məqalələrin araşdırmaçısı, eyni zamanda ədəbi-fəlsəfi tənqidi yazıları ilə tanınan ictimaiyyətçi Alimdir. Bu gün isə tarixləşən bir missiya ilə daha da işıqlı bir yol aparır – “Kaspi” ənənələrini yenidən davam etdirir. Sona Vəliyeva missiyası İşıqlı bir Yola – Böyük Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının məntiqi, elmi və əsasən də maarifləndirmə istiqamətində öyrənilməsinə yönəlibdir. Sona Vəliyeva “Kaspi”ni yenidən yaşadarkən Azərbaycançılıq ideyasının da məlumatlandırma, elmi bazasına dəstək yaratdı. Məhz bu nöqteyi-nəzərdən də “İşıqlı Yol” roman, sənədli xronika olmaqla yanaşı, həm də ssenari məzmunludur.
Sona Vəliyevanın “İşıqlı Yol” əsəri bu gün Prezident İlham Əliyevin də siyasətində önəmlı xətt daşıyan multikulturalizm həyat tərzinə layiqli töhfədir.
Romanda bir işıq Var – Sanki Sona xanım XIX əsrin ortası XX əsrin əvvəlində o zəmanəni görüb və hətta bu şərurlu xanım Zərdabda, Kür qırağındadır və əlində bir “işıq” o dövrü işıqlandırır. Elmin, maarifin dirçəliş yeri olan Tbilisinin qaynar həyatını, Qızlar gimnaziyasını elə təsvir edib ki, sanki özü də orada təhsil alıb... Keçmiş Bakının həyatı, məişəti, eləcə də “ağcaqanadların bol olduğu” Kür qırağı Zərdabın təbiət mənzərəsini elə “çəkir” ki, sanki illərlə orada yaşayanlardan biridir...
Bu məhz yazar təxəyyülü yox, yazarın geniş informatik, dəqiq məlumatlılığı, həmçinin də Azərbaycanın müxtəlif bölgələrinin sosial yaşam tərzini bilməsidir. Çünki əsərdəki dəqiq yanaşmalar iradi təxəyyülə deyil, faktiki Azərbaycan tarixi reallıqlarına söykənir. Sona Vəliyeva bu romanda Azərbaycan tarixini, Azərbaycanın o dövr xarici, daxili ictimai-siyasi reallıqlarını bir tarixçi-filoloq, bir coğrafiyaşünas - ədib, bir politoloq – ictimaiyyətçi kimi araşdırmışdır. “İşıqlı Yol” ədəbi romandır, həm də bir elmi-ədəbi-bədii-fəlsəfi tədqiqatdır.
Əsər Həsən Bəy Zərdabiyə, Hənifə Xanım Məlikova timsalında Azərbaycançılıq ideyasına həsr edilən bir Tarixi Sənəddir. Bu Tarixdə bütövlükdə sanki günümüzün də reallıqları paralellikdə açıqlanır. Bir sözlə, əsər Azərbaycan ictimai mühitinə gənclərə, məktəblilərə, tələbələrə bir Dərslik müntəxəbatdır.
Sona Vəliyeva Azərbaycanımızı böyük məhəbbətlə, yanğılı bir Qadın istəyilə, ürəyinin qanı ilə “İşıqlı Yolda” işıq olaraq işıqlandırmışdır. Fikrimi ulu öndər Heydər Əliyevin sözləri ilə bitirmək istərdim. “Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur”.
Yolumuz işıqlı Sona xanım, Azərbaycanımızın yolu işıqlı olsun.
Rəna Mirzəzadə, professor